"Nə qədər etiraf etməsə də, Donald Tramp ABŞ-ı uçurumun dibinə qədər gətirib çıxarıb. İlk prezidentlik günlərindəki gurultulu bəyanat və hədələr, bir çox dünya liderlərini azarlayan hərəkətləri artıq onun köməyinə gəlmir. Onun Ağ Evə köçər-köçməz özünü dünya ağası kimi aparması artıq fiaskoya uğramış bir keçmiş kimi xatırlanır. Dünyadakı müharibələri bir neçə həftəyə bitirə biləcəyi barədəki “falçılığı” yaxşı xatırlanır. Artıq onun Vladimir Putinlə ittifaqı da keçici həvəs kimi başa çatıb. İndi sırada onun siyasətinə etiraz edən amerikalılar var." Bu fikirləri "Bakı xəbər"-ə açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov xüsusilə D.Trampın miqrantlar əleyhinə amansız siyasətini, Meksika və Kanadaya qarşı qəbuledilməz sərt addımlarının ABŞ daxilincə ciddi narazılıq dalğasına səbəb olduğunu deyib.
“Diqqət edin: Hazırkı Ağ Ev sahibinin ABŞ sərhədlərini bağlamağa yönəlmiş sərt immiqrasiya siyasəti, xüsusilə də Meksika ilə sərhəddə divar tikmək təşəbbüsü, əlaxüsus ailələrin ayrılmasına səbəb olacaq son addımları kütləvi etiraz dalğası üçün əsl benzin effekti oldu. Müxtəlif sosial təbəqələrin və etnik kökənlərin cəmləşdiyi ABŞ-ı bu şəkildə idarə etmək bilirsiniz nəyə oxşayır? Tamamilə keçmiş SSRİ-nin son illərindəki Mixal Qorbaçov siyasətinə. Məhz o da çoxmillətli ölkəni ağıl və məntiqin yoxsul olduğu bir dağıdıcılıqla “idarə” edir, bilərəkdən ölkə daxilində çaxnaşma və millətlərarası düşmənçilik toxumu səpirdi. İttifaq tipli dövlətlərdə bunu etmək isə o deməkdir ki, o ölkənin sonunu gətirirsən.
Xüsusilə ABŞ kimi mürəkkəb ictimai düşüncəyə sahib ölkədə bunu “eksperiment” kimi yoxlamaq belə dəhşətli nəticələrə gətirə bilər. İrqçilik və sosial ədalətsizlik içində çapalayan bir cəmiyəti bu şəkildə qıcıqlandırmaq ağlı başında olan heç bir prezidentin ata biləcəyi addımlar deyil. Artıq budur, D.Trampın son iki gündə etirazçılara qarşı amansız hərbi güc tətbiqi həm də ənənəvi ABŞ demokratiyasını və hüququ dövlət anlayışını da tozanaq kimi havaya sovurdu. D.Tramp bu siyasətinə davam edərsə, ABŞ üçün ən ağır situasiyanın və daxili siyasi çaxnaşmanın pik həddinə çıxması qaçılmaz olacaq”.
Namiq Quliyev