Xankəndi, 13 iyun, T.Ağaməmmədov, AZƏRTAC
İşğaldan azad edilmiş Kəlbəcər, Laçın, Ağdərə və Xocalıda yeni milli parklar yaradılacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Xankəndi şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Nazir müavini bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin qorunması, o cümlədən xüsusi ekoloji əhəmiyyət daşıyan tablet komplekslərinin mühafizəsi məqsədi ilə yeni milli parkın yaradılması istiqamətində müvafiq işlərə başlanılıb. Bununla əlaqədar, nazirlik tərəfindən Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə etməklə yaradılması təklif olunan yeni milli parkın ilkin xəritə-sxemi hazırlanıb və Azərbaycan Respublikası Prezidentinin aidiyyəti xüsusi nümayəndəlikləri ilə razılaşdırılıb. Hazırda sözügedən xərite-sxem münasibət bildirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, eləcə də Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilib və həmin qurumlar ilə işçi qaydada müzakirələr davam etdirilir.