AZ

BMT: Dünyada məcburi köçkünlərin sayı 122 milyonu keçdi

BMT: Dünyada məcburi köçkünlərin sayı 122 milyonu keçdi

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMTQAK) dünyada məcburi köçkün insanların sayının 122 milyonu keçdiyini açıqlayıb.

BMTQAK məcburi köçkünlərlə bağlı 2025-ci il məlumatlarını əhatə edən “Qlobal Tendensiyalar” hesabatını yayımlayıb.

“Müharibə səbəbindən məcburi köçkün insanların sayı son 10 ilin ən yüksək səviyyəsinə çatıb” ifadəsinin yer aldığı hesabatda qeyd olunub ki, dünyada müharibə ilə yanaşı zorakılıq və təqiblər səbəbindən məcburi köçkünlərin sayı, xüsusilə humanitar yardım fondlarının azalması ilə birlikdə dözülməz dərəcədə yüksək səviyyəyə çatıb.

Hesabatda məcburi köçkünlərlə bağlı yeganə müsbət hadisə kimi Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyaya qayıdışlarda artımın müşahidə olunduğu qeyd edilib.

“Aprel 2025-in sonuna qədər məcburi köçkün insanların sayı 122,1 milyona çatıb” ifadəsinə yer verilən hesabatda, bu rəqəmin ötən ilin eyni dövründə 120 milyon olduğu xatırladılıb.

Hesabatda məcburi köçürülmənin əsas səbəbi kimi Sudan, Myanmar və Ukrayna kimi ölkələrdə davam edən genişmiqyaslı silahlı münaqişələr göstərilib.

Münaqişələr nəticəsində daxildə məcburi köçkünlərin sayının 2024-cü ilin sonunda 6,3 milyon artaraq 73,5 milyona çatdığı bildirilib.

Sudanın 14,3 milyon qaçqın və ölkə daxilində məcburi köçkün insanla dünyanın ən böyük məcburi köçkün böhranının yaşandığı ölkə olduğu qeyd edilib. Sudanı 13,5 milyonla Suriya, 10,3 milyonla Əfqanıstan və 8,8 milyonla Ukrayna izləyir.

Hesabatda qaçqınların 67 faizinin qonşu ölkələrdə qaldığı, aşağı və orta gəlirli ölkələrin isə dünyadakı qaçqınların 73 faizinə ev sahibliyi etdiyi vurğulanıb.

Qaçmaq məcburiyyətində qalan insanların 60 faizinin öz ölkələrini heç vaxt tərk etmədiyinə diqqət çəkilib.

2024-cü ildə ümumilikdə 9,8 milyon məcburi köçkün şəxsin evinə döndüyü qeyd olunan hesabatda onların 1,6 milyonunun qaçqın, 8,2 milyonunun isə ölkə daxilində məcburi köçkün şəxs olduğu bildirilib.

Seçilən
2
afn.az

1Mənbələr