Bakı, 13 iyun, AZƏRTAC
2025-ci ilin ilk dörd ayının nəticələri üzrə qiymətləndirməmiz göstərir ki, cari ildə gəlir proqnozumuz faktiki icra göstəriciləri ilə üst-üstə düşür.
AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev parlamentin iyunun 13-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Xərclərin proqnozlaşdırılması ilə bağlı isə qeyd etməliyəm ki, burada əsas amil keçən il artan neft və qaz gəlirləri ilə bağlı büdcəyə aparılan dürüstləşmə fonunda xərclərinin ciddi şəkildə artmasıdır. Bu, eyni zamanda, həmin vəsaitlərin xərclənməsini əsasən ilin son rübü ilə şərtləndirib. Bu xərclərin böyük əksəriyyəti kapital xərcləri idi və büdcə dürüstləşməsi ilin ortasında müvafiq satınalmaların həyata keçirilməsi, bir sıra malların idxalının müəyyən qədər ləngiməsi, əlbəttə ki, xərclərin icrasına təsir edib. Amma düşünürük ki, həm gəlirlərin, həm xərclərin proqnozunun optimallaşdırılması istiqamətində işlər davam edəcək. Müəyyən obyektiv amillər kənara qoyulmaqla subyektiv amillərin aradan qaldırılmasına çalışacağıq”, - deyə maliyyə naziri əlavə edib.