AZ

“İranın real gücü ilə bəyanatları arasında uyğunsuzluqlar var” – Əli Mustafa – ÖZƏL

"İsrailin İrana hücumu gözlənilməz olub və kifayət qədər effektiv bir hücum sayılır. Bir çox hərbi obyektlər, hərbi məmurlar da bu hücum zamanı hədəf alınıb. Hücumların önəminə gəlincə, görünür ki, İsrail bu əməliyyata çox ciddi şəkildə hazırlaşıb və sanki İran rəhbərliyi, İran kəşfiyyatı yatmış vəziyyətdə, hazırlıqsız şəkildə yaxalanıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. O qeyd edib ki, İranın hərbi imkanları ciddi zədələnib və bölgədə risklər artmaqdadır:

"Hazırda baş verən hadisələr İran üçün çox ağır nəticələr doğurur və bu, artıq ortadadır. Bu vəziyyət İran üçün son dərəcə uğursuz bir mərhələdir və strateji baxımdan önəmli bir məqam yaranıb. Hazırda İran rəhbərliyi müəyyən tədbirlər görür, bəzi reaksiyalar verir, o cümlədən İsrailə qarşı bəyanatlar səsləndirilir. Amma mənə elə gəlir ki, İranın hərbi potensialı ciddi şəkildə sarsılıb.
Davamlı şəkildə bu cür dəqiq və təsirli zərbələrin endirilməsi, bəzi ehtimallara görə hətta radiasiya riski ehtimalı da yaradıb. Bu barədə müəyyən məlumatlar gəlməkdədir. Hər halda, bizim sərhədlərimizə yaxın ərazidə baş verən bu hadisələr sadə məsələ deyil. Bu proseslər bizim üçün də müəyyən risklər yaradır.
İndiki mərhələdə sual yaranır: İran bundan sonra nə edəcək, bölgə üçün hansı risklər yaranacaq? Bunu dəqiq şəkildə proqnozlaşdırmaq çətindir. Amma bütün hallarda hesab edirəm ki, İranın hərbi arsenalı və hərbi imkanları ciddi şəkildə zədələnib. İran bu şokdan nə qədər tez çıxacaq, ətraf bölgə üçün hansı nəticələrə səbəb olacaq - bunları yəqin ki, yaxın günlərdə görəcəyik.
Bütün hallarda artıq deyə bilərik ki, Orta Şərqin siyasi xəritəsi dəyişməyə başlayıb. Baş verən hadisələr olduqca ciddi və genişmiqyaslıdır. Ümumiyyətlə, İranın bəyanatları ilə real gücü arasında uyğunluq olmadığı bir daha ortaya çıxdı. Hər halda burada risklər mövcuddur. Bunları nəzərə almaq vacibdir. Amma bütün hallarda hazırlıqlı olmaq vacibdir. Və düşünürəm ki, Azərbaycan bu məsələlərdə Türkiyə ilə münasibətlərini koordinasiyalı şəkildə davam etdirməlidir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
36
olaylar.az

1Mənbələr