AZ

Kürdəmirdə milli suverenlik və hüquqi təminatlar mövzusunda regional seminar keçirilib

*Kürdəmir rayon prokurorluğunda “Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun Rolu” mövzusunda seminar keçirilib.

Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, iyunun 13-də Kürdəmirdə “Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun Rolu” mövzusunda seminar təşkil olunub.

Tədbirdə 12 regiondan prokurorluq əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Kürdəmir rayon prokuroru Tural İbrahimov giriş nitqində bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası dövlət suverenliyinin möhkəmləndirilməsi və hüquq sisteminin inkişafı üçün əsas hüquqi sənəddir. O vurğulayıb ki, Ulu öndər Heydər Əliyev bu sənədin hazırlanması və qəbulunda böyük rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi altında hüquqi islahatların uğurla davam etdirildiyini qeyd edən Tural İbrahimov, dövlət suverenliyinin qorunması və qanunvericiliyin təkmilləşdirilməsi sahəsində prokurorluğun vacib rolunu xüsusi vurğulayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında bildirib ki, Konstitusiyada təsbit olunmuş suverenlik prinsipləri prokurorluğun fəaliyyətinin əsasını təşkil edir. O, dövlət başçısı İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın davamlı diqqət və qayğısı nəticəsində suveren ölkəmizin bütün bölgələrində, xüsusilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı abadlıq və quruculuq işlərinin həyata keçirildiyini, eləcə də Böyük Qayıdış strategiyasının uğurla icra olunduğunu vurğulayıb.

Seminar zamanı milli suverenliyin və hüquqi təminatların qorunmasında prokurorluğun rolu geniş müzakirə olunub. İştirakçılar prokurorluğun bu sahədə üzərinə düşən vəzifələri və həyata keçirilən tədbirləri ətraflı təhlil ediblər.

Tədbirdə hüquqi dövlətin möhkəmləndirilməsi və vətəndaş hüquqlarının müdafiəsi ilə bağlı aktual məsələlər müzakirə olunub, çıxışçılar prokurorluğun qarşısında duran əsas vəzifələr barədə fikirlərini bölüşüblər.

Seminar interaktiv formatda davam edib, iştirakçılar hüquqi məsələlərə dair suallar verərək geniş cavablar alıblar.

MƏLUMAT YENİLƏNİR

Seçilən
0
3
report.az

4Mənbələr