AZ

Oğuzda 6 yaşayış məntəqəsini birləşdirən yollar yenidən qurulur

Oğuz rayonu ərazisində bir sıra kəndləri respublika əhəmiyyətli avtomobil yolu ilə birləşdirən yolların yenidən qurulmasına başlanılıb.

Bu barədə “Report” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA)istinadən xəbər verir.

Məlumata görə, layihə çərçivəsində respublika əhəmiyyətli Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolu ilə birləşən Calut, Mollalı, Yemişanlı, Dəymədərə, Tərkeş və Dəymədağlı kəndlərinin ümumi uzunluğu 17 kilometr olan avtomobil yollarının yenidən qurulması nəzərdə tutulur.

Yenidənqurma işlərinin əsas məqsədi sözügedən yaşayış məntəqələrində yaşayan əhalinin rahat və təhlükəsiz hərəkətini təmin etmək, həmçinin yük və sərnişin daşımalarının səmərəliliyini artırmaqdır.

Tikinti işləri layihəyə uyğun olaraq texnoloji ardıcıllıqla və yüksək keyfiyyət standartlarına əsasən həyata keçirilir. Bu məqsədlə əraziyə zəruri sayda canlı qüvvə və müasir texnika cəlb olunub. Avtomobil yolları IV texniki dərəcəyə uyğun şəkildə inşa edilir.

Hazırda Mollalı, Dəymədərə və Tərkeş kəndləri ərazisində torpaq işləri, yol yatağının genişləndirilməsi, eləcə də suötürücü boruların quraşdırılması işləri icra olunur. Layihə çərçivəsində, mövcud körpülərin təmiri və bərpası da nəzərdə tutulur.

Son mərhələdə isə avtomobil yolunda yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Bütün işlər tamamlandıqdan sonra yol müasir standartlara uyğun şəkildə vətəndaşların istifadəsinə veriləcək.

Seçilən
15
11
report.az

10Mənbələr