AZ

Sosial müavinət və təqaüdlərin artırılması Azərbaycan vətəndaşının rifahına xidmət edən strateji qərardır

 

Prezident İlham Əliyevin təşəbbüsü və siyasi iradəsi ilə həyata keçirilən 5-ci sosial islahat paketi dövlətin sosial siyasətində insan amilini əsas götürən strateji yanaşmanın davamlılığını nümayiş etdirir. Bu paket çərçivəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması yüz minlərlə insanın gündəlik həyatına birbaşa müsbət təsir edən, sosial bərabərliyi gücləndirən və dövlətin sosial funksiyasını daha da möhkəmləndirən fundamental addımdır. 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov bildirib ki, Prezident İlham Əliyevin 2024-cü ilin  dekabr ayında imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncam ölkədə hədəfli sosial siyasətin davamlılığını təmin edən növbəti strateji addım oldu və bu mühüm sənəd əsasında icrasına başlanılan 5-ci sosial islahat paketi vətəndaşların sosial müdafiəsini prioritet elan edən dövlət siyasətinin növbəti mərhələsini formalaşdırdı.
5-ci sosial islahat paketinin icrasının ilk addımı olaraq, 2025-ci ilin yanvarın 1-dən minimum aylıq əməkhaqqının 400 manata, fevralın 1-dən isə minimum pensiya məbləğinin 320 manata çatıdırılması, həmçinin bütün növ pensiyaların ilin əvvəlindən 8,1% indeksləşdirilməklə artırılması təmin edilib. 
Prezident İlham Əliyevin imzaladığı növbəti Fərmanla 5–ci sosial islahat paketinin icrasının növbəti tamamlayıcı addımı olaraq 2025-ci ilin iyulun 1-dən etibarən sosial müavinət və təqaüdlərin artırılması təmin ediləcək. Bu artımlar şəhid ailələri, əlilliyi olan şəxslər, beşdən çox uşağı olan qadınlar, aztəminatlı ailələr və digər kateqoriyalara yönələn müavinət və təqaüdlərin də artırılmasını nəzərdə tutur.
Elnur Ələkbərov sosial ödənişlərin artmasının birbaşa olaraq aşağı və orta gəlirli əhali qruplarının istehlak imkanlarını genişləndirəcəyini, sosial bərabərliyi və ictimai etimadı möhkəmləndirəcəyini, ailə rifahı və uşaqların sosial müdafiəsinin daha da gücləndirəcəyini qeyd edib.
O bildirib ki, bütövlükdə, 5-ci sosial islahat paketi əməkhaqqı üzrə 700 min nəfəri, sosial ödənişlər üzrə 2,3 milyon nəfər olmaqla 3 milyon nəfəri əhatə edir. 5-ci sosial islahat paketinin maliyyə tutumu 1,4 milyard manatdır. Ümumilikdə isə 2019-2025-ci illərdə reallaşdırılan 5 sosial islahat paketinin maliyyə tutumu 7,6 milyard manat təşkil edir.
Həyata keçirilən sosial islahat paketləri Azərbaycan vətəndaşının rifahını mərkəzə alan dayanıqlı, inklüziv və modern sosial siyasətin bariz nümunəsidir. Artımlar yalnız statistik dəyişiklik deyil, həm də insan həyatına birbaşa və müsbət təsir edən sosial transformasiya alətidir.

Seçilən
46
3
ikisahil.az

4Mənbələr