AZ

Region yenə alov içindədir: Azərbaycanın diplomatik duruşu

“Azərbaycan dövləti və ictimaiyyəti öz qonşuluğunda baş verən bu hadisələrdən haqlı olaraq narahatlıq duyur”.

Bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İsrailin İrana hava hücumu zamanı Azərbaycanın tutduğu mövqeni Bakıvaxtı.az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, tərəflər arasında müharibə çoxdan gedir, hərbi əməliyyatlar keçirilir. Bu da müharibənin növbəti səhifəsidir. Arzuolunmaz məsələ ondan ibarətdir ki, bu qarşıdurmada mülki insanlar da zərər çəkə bilərlər.

Keçmiş nazir vurğulayıb ki, Azərbaycan mülki adamların müharibədə zərər görməsinə qarşıdır:

“Ona görə də rəsmi Bakı İran və İsraili siyasi-diplomatik üsullardan istifadə edərək gərginliyə son qoymağa çağırır. Ümumiyyətlə, istənilən müharibə çox mənfi xəbərdir. Amma digər tərəfdən görürük ki, İranın siyasi elitasında Azərbaycana qarşı daim mənfi yanaşmalar sərgilənir. 3-4 gün əvvəl Zəngəzur dəhlizi ilə bağlı İran rəsmisi xoş olmayan bəyanat verdi. İranın təhlükəsizlik məsələləri üzrə mütəxəssisi Zəngəzur mövzusunu ifrat şəkildə şərh etdi. Ancaq özləri üçün real təhlükələri görmədilər".

Tofiq Zülfüqarov: Azərbaycan mülki adamların müharibədə zərər görməsinə qarşıdır

T.Zülfüqarov bildirib ki, bu cür hadisələrdən sonra Tehran hökuməti Azərbaycanın qonşuluq siyasətinin qiymətini, dəyərini anlayacaq:

"Çünki bugünədək bunun qiymətini bilmirdilər. İranın siyasi elitasında bizə dost münasibətdə olanlar az deyil. Amma müəyyən dairələr də var ki, İranın öz maraqlarına zidd olaraq qonşular əleyhinə çıxışlar edirlər. Yəqin ki, onlarla bağlı da zəruri addımlar atmaq barədə düşünəcəklər".

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid, o cümlədən bir neçə nüvə alimi öldürülüblər.

Bu qarşıdurmanın regional miqyasda təhlükəsizlik arxitekturasını dəyişdirəcəyi ehtimal olunur. Azərbaycan üçün isə bu münaqişə bir neçə istiqamətdə həm təhlükəsizlik, həm diplomatik, həm də iqtisadi müstəvidə risklər və imkanlar yaradır. Nəzərə alaq ki, İsrail və İran arasında qarşıdurma təkcə iki dövlət arasındakı rəqabət deyil. Bu, ideoloji, dini, geosiyasi və strateji maraqların toqquşmasıdır.

Aydın Baxış

Seçilən
34
1
bakivaxti.az

2Mənbələr