AZ

Dünya ölkələri İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyatlara reaksiya verməyə başlayıb

Bakı, 13 iyun, AZƏRTAC

Dünya ölkələri İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyatlara reaksiya verməyə başlayıb. Bəzi liderlər həyəcan təbili çalır, bəziləri isə Təl-Əvivin bu addımını tənqid edir.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer İran və İsraili “geri addım atmağa və gərginliyi təcili olaraq azaltmağa” çağırıb. İsrailin zərbələrini “narahatedici” adlandıran hökumət başçısının fikrincə, “eskalasiya regionda heç kimin xeyrinə deyil” və “Yaxın Şərqdə sabitlik prioritet olmalıdır”. Onun sözlərinə görə, bundan sonra təmkinli olmaq və diplomatiyaya qayıtmaq vaxtıdır.

BMT-nin Baş katibi Antonio Quterriş “Yaxın Şərqdə istənilən hərbi eskalasiyanı pisləyib. O, həmçinin hər iki tərəfi təmkinli olmağa çağırıb.

Avstraliyanın xarici işlər naziri Penni Vonq, Kanberranın “İsrail və İran arasında gərginlikdən narahat olduğunu” deyib. Bütün tərəfləri dialoq və diplomatiyaya üstünlük verməyə çağıran nazir bunun onsuz da gərginliyin səngimədiyi regionda sabitliyi daha da poza biləcəyini vurğulayıb.

İranın nüvə proqramı ilə bağlı böhranın həlli üzrə danışıqlara vasitəçilik edən Oman Xarici İşlər Nazirliyi İsrailin İrana hücumunu pisləyib. Maskat bunun böyük münaqişəyə gətirib çıxara və Vaşinqtonla Tehran arasında nüvə danışıqlarına mane ola biləcəyi barədə xəbərdarlıq edib. “İsrailin hücumu İranla ABŞ arasında nüvə danışıqlarının bərpası üçün beynəlxalq səylərin gücləndiyi çox həssas bir vaxta təsadüf edib. Bu, diplomatik prosesi pozmağa, regional və beynəlxalq sabitlik üçün dəhşətli nəticələrə gətirib çıxaracaq daha geniş münaqişəyə rəvac vermək üçün məqsədyönlü cəhd olduğunu açıq şəkildə göstərir”, - deyə Oman Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.

Birləşmiş Ərəb Əmirlikləri də münaqişə tərəflərini gərginliyin qarşısını almaq üçün təmkinli olmağa çağırıb. “Birləşmiş Ərəb Əmirlikləri eskalasiyanın davam etməsindən, bunun regionda təhlükəsizlik və sabitlik üçün təsirlərindən dərin narahatlığını ifadə edir. Xarici İşlər Nazirliyi münaqişənin genişlənməsi risklərinin qarşısını almaq üçün maksimum təmkin nümayiş etdirməyin vacibliyini vurğulayır”, - deyə BƏƏ XİN-nin bəyanatında qeyd olunur.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi də İsrail-İran qarşıdurması ilə bağlı bəyanat yayıb. Bəyanatda İsrail Dövləti tərəfindən İran İslam Respublikasının ərazisinə qarşı həyata keçirilmiş hərbi əməliyyatlardan ciddi narahatıq ifadə olunub. Azərbaycan XİN vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyərək, tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırıb.

Seçilən
24
1
azertag.az

2Mənbələr