AZ

Vətənin yaddaşını yaradan vətəndaş Misir Mərdanov yazır

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Misir MƏRDANOV AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

(Əvvəli ötən sayımızda)

...O illərdə tədris ilinin başlanğıcı ərəfəsində müəllimlərin ənənəvi "Avqust müşavirələri" keçirilərdi, belə tədbirlərdən biri də 1998-ci ildə Şəkidə baş tutdu. Əlbəttə, digər region mərkəzlərində olduğu kimi, Şəkidə də "təzə naziri" İcra hakimiyyətinin başçısından Rayon Təhsil şöbələrinin müdirlərinə, məktəb direktorlarına kimi hamı istiqanlılıqla qarşıladı. Həm də şəkililərin səmimiyyəti, qonaqpərvərliyi, özəl xüsusiyyətləri digər yerlərdən nə üçünsə yaxşı mənada fərqlənir desəm, yəqin heç kəs inciməz. Bununla belə, 1998-ci ilin avqustunda Şəki səfərini mənimçün xüsusi edən daha bir hadisə olmuşdu - bu, Bəxtiyar Vahabzadənin evinə qonaq getməyim idi. Köhnə dost kimi şair eşidəndə ki, Şəkidəyəm, xəbər göndərmişdi və məni evinə qonaq çağırmışdı.

Bəxtiyar Vahabzadə həqiqətən XX əsrdə xalqımızın yetişdirdiyi nadir şəxsiyyətlərdən biridir, onunla istəyirsən nazirlikdə, ya rəsmi tədbirdə görüş, istəyirsən evində ol, milli maraqlar birinci dərəcəli söhbət mövzusu idi. Bu dəfə də belə oldu, Şəki mətbəxinə xas olan rəngarəng və bol süfrə, şirniyyatlar ilə dolu çay dəsgahı öz yerində, ancaq söhbətlər daha maraqlı, daha şirin, daha zəngin idi. Onun milli təhsil konsepsiyası ilə əlaqədar sanballı təklifləri, heyrətamiz dərəcədə müdrik mühakimələri, hadisələrə fərqli yanaşması çox cəlbedici idi. Sonra həyətə düşüb bağı ilə tanış olduq, bəzi ağacları özü əkmişdi, bəzilərinin yaşı yüzə yaxın idi, hamısını mənə göstərdi, təbiətin ən gözəl çağları idi, ağaclarda meyvələr yetişmişdi, məni qonaq elədi, məcbur etdi ki, dadlarına baxım. Bəxtiyar müəllimin maraqlı söhbətlərindən, mehribanlığından, qonaqpərvərliyindən doymaq mümkün deyildi, özü də mənə təklif etdi ki, 3-4 gün qonaq qalım, evində yer var, yaxşı istirahət edib sonra gedim. Ancaq böyük şairin bu arzusunu yerinə yetirmək imkan xaricində idi, sabah Lənkəranda "Avqust müşavirəsi" idi, biri gün Bərdədə. Şairin dediyi 3-4 gündən sonra Bakıda Heydər Əliyevin iştirakı ilə 1970-1987-ci illərdə onun SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərdiyi gənclərlə görüşü keçiriləcəkdi. Ona görə də yüksək təəssüratlarla şairdən ayrılıb Bakıya yola düşdüm.

Yol boyu düşünürdüm ki, bu dünya paradokslarla doludur. Bir-birini inkar edən həqiqətlər onu axıra qədər dərk etməyə imkan vermir. Burada da belə idi. Şəkidən çox xoşum gəlirdi, böyük məmnuniyyətlə orada 3-4 gün nədir, lap 10-15 gün də qalardım, təmiz hava, səmimi insanlar, gözəl mənzərə. Özü də Türk dünyasının böyük bir şəxsiyyəti - Bəxtiyar Vahabzadə özü məni qonaq saxlayırdı. Əlbəttə, nazir olmasaydım, öhdəmə bu qədər iş düşməsəydi, mütləq qalardım...

Yaralı yerlərimdən biri də İranda Azərbaycan dilində təhsil məsələsi idi. Rəhmətlik Bəxtiyar Vahabzadə ilə bu barədə tez-tez söhbət edərdik. Onun çox sevdiyi və arabir dediyi misralar var idi:

Yad məktəbə verilir umudumun qalası,

O qaraqaş, qaragöz Azərbaycan balası!

Ona öz tarixi yox, yad tarixi keçilir,

Sinif-sinif boy atmır, sinif-sinif kiçilir...

Xəlil Rza Ulutürkün "Təbrizli şairin düşüncələri" adlı şeirinin bu beytində ikibaşlı məna olsa da (qaragözlü balalarımızın rusdilli məktəblərə verilməsi məsələsi), İranda ezamiyyətdə olarkən daha çox şairin yazdığı birinci mənanı düşünürdüm. Görəsən, niyə az qala 40 milyonluq bir xalqın ana dilli məktəbi yoxdur? Təbrizdə bunu sürücümüzdən soruşdum, dedi ki, "Lap olsa da, o məktəbə gedən olmaz". "Niyə?" "Axı kimə lazımdır türk dilində məktəb oxuyub lap ali təhsil almış birisi? Əgər idarələr, hökumət işləri, bütün yazı-pozu, televiziya, radio, qəzet fars dilindədirsə, türkcə oxuyub harada işləyəcək? Ona görə dediyiniz məktəbə heç kəs uşağını verməz". Deməli, bu dil ancaq evdə, məişətdə, dükanda-bazarda yararlıdır. Bu çərçivədən çıxdınsa, həmin dil qüvvəsini itirir. Deməli, dilin qüvvəsini təmin edən onun dövlət dili olmasındadır. Biz də müstəqilliyi əldə etməsəydik, yavaş-yavaş rus dili bütün dövlət idarələrində "hakimiyyəti ələ alıb" dilimizi sıradan çıxaracaqdı...

Böyük şairimiz Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ərəfəsində nə üçünsə milli məsələlərlə bağlı problemlər daha tez-tez yadıma düşür. Bəlkə də bu, bir qanunauyğunluqdur, ömrünü xalqın azadlığına, istiqlalına, tərəqqisinə həsr etmiş şairin ruhu bizi başqa cür olmağa qoymur.

...2017-ci ildə, BDU-nun 100 illik yubileyi ərəfəsində mən bu mühüm hadisə ilə əlaqədar kitab yazmaq qərarına gəlmişdim. Həmin kitab hazırlanarkən, təbii ki, müxtəlif arxivlərdə, kitabxanalarda işləyirdim. Belə günlərin birində Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi sənədlər Arxivinə getmişdim, mənə həvalə edilmiş əməkdaş xanım dedi ki, arxivin direktoru Elmira Ələkbərova Sizinlə görüşmək istəyir. Məmnuniyyətlə onun otağına getdim, Elmira xanım məni böyük hörmətlə qarşıladı və dedi ki, görüşməkdə əsas məqsədim bu günlərdə arxivimizdə işləyən iki nəfərlə Sizi tanış etməkdir. Daha sonra məni qonşu zala apardı. Orada iki nəfər var idi, məlum oldu ki, onlardan biri alman tarixçisi, ikincisi isə gürcüdür və onlar almanların Azərbaycana köçürülməsi və burada alman məskənlərinin salınmasının 200 illiyi ilə əlaqədar tarixi faktları araşdırırlar.

Nəticədə həmin gürcü bununla bağlı ssenari yazacaq və Gürcüstanda bu məsələdən bəhs edən film çəkiləcək. Doğrusu, bu məsələni Elmira xanım sevinclə təqdim etsə də, mənə yaman toxundu. Bəzi suallar verib aydınlaşdırdım ki, 2016-cı il avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı "Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında" sərəncamdakı "Cənubi Qafqaz" sözündən "ruhlanan" gürcülər (əslində almanlar əsasən Şəmkir və Gədəbəy rayonlarında olmaqla yalnız Azərbaycanda məskunlaşmışdılar, həmin dövrdə Azərbaycan respublikası rəsmən mövcud olmadığına görə sərəncamda o vaxtkı coğrafi termindən istifadə edilmişdir) Azərbaycan hökumətinin ayırdığı vəsaitlə və bu torpaqlarda baş vermiş hadisələr əsasında gürcü filmi çəkməyə hazırlaşırlar. Doğrudur, taleyinə laqeyd qalmadığım bu məsələ sonralar mənim arzuladığım məcraya döndü və bizim Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Əlvida, Şmidt!" adlı film çəkildi, ancaq yenə də əsas rolların birində Mariam Kitia adlı gürcü aktyoru rol aldı. Axı niyə? Böyük Bəxtiyar Vahabzadə demişkən:

Hanı bu torpağın mərd oğulları,

Açsın bərələri, açsın yolları?

Bəs hanı bu əsrin öz Koroğlusu -

Qılınc Koroğlusu, söz Koroğlusu?

Biz yalançı beynəlmiləlçilik pərdəsi altında qəflət yuxusunda yatarkən, tolerantlıqdan, multikulturalizmdən ağızdolusu danışarkən, yaxud içki məclislərində dumanlı beyinlərlə xalqların qardaşlığından boğazdan yuxarı tostlar deyərkən ermənilər, gürcülər öz işlərini görüblər. Təxminən 700 min azərbaycanlının yaşadığı üç milyon yarımlıq Gürcüstanda indiyədək bir nəfər də soydaşımız oranın Əməkdar, yaxud Xalq artisti adını almayıb. Ancaq 10 milyonluq Azərbaycanda cəmi 30 minə yaxın gürcü yaşayır, Tbilisidə doğulmuş Manana Çaparidze və Tamara Vissarionovna Topuriya respublikamızın Əməkdar artisti fəxri adını alıblar, bizim üç ən məşhur filmlərimizdə - "Əhməd haradadır", "Ad günü" və "Yaramaz" filmlərində əsas rolları gürcü aktyorları ifa edirlər. Biz qardaşlığın, dostluğun, istedadlı insanlara yol açılmasının əleyhinə deyilik, yox! Əsla yox! Mən Bəxtiyar Vahabzadənin yana-yana söz açdığı milli təəssübkeşlikdən danışıram. Münasibətlər qarşılıqlı olsa, daha doğru olmazmı? Qoy bircə gürcü filmində də bizim aktyorlar çəkilsin. Axı bizim Rza Təhmasib, Sidqi Ruhulla, Hökumə Qurbanova, Ələsgər Ələkbərov, Leyla Bədirbəyli, Həsənağa Salayev, Şəfiqə Məmmədova, Həsən Məmmədov, Rasim Balayev, Fuad Poladov kimi onlarla dünya səviyyəli aktyorlarımız var, yaxud olmuşdur. Niyə bir dəfə də bizim aktyorları filmlərinə çəkməyiblər. Ermənilər də eləcə. Yaratdıqları konfliktə qədər neçə-neçə erməni aktyoru bizim filmlərdə çəkilib, qalanlarını demirəm, Naruhi Alaverdyan Azərbaycanın Xalq artisti, Samvel Qriqoryan Xalq şairi olub, 500 min nəfər soydaşımız da Ermənistanda yaşayıb, bircə nəfər oranın fəxri adını ala bilibmi? Özü də bu məsələ yalnız ermənilərlə, gürcülərlə bitmir...

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Bəxtiyar Vahabzadə bütöv şəxsiyyət idi. Mənim üçün böyük şərəf olan münasibətlərimiz inkişaf etdikcə onun nəcib keyfiyyətlərini daha yaxından müşahidə edir, məəttəl qalırdım ki, insan ictimai mənafeləri şəxsi mövqedən, rahatlıqdan nə qədər üstün tuta bilərmiş. Nazir işlədiyim müddətdə daha tez-tez görüşərdik, həm deputat kimi, həm də tanınmış bir şəxsiyyət kimi ona müraciət edən yüzlərlə insanın təhsillə bağlı problemlərini həll etmək üçün nazirliyə gələrdi. Əgər beş-on faiz düzəlmək ehtimalı var idisə, həmin məsələ mütləq həll olunardı. Bəxtiyar müəllimin bir xasiyyəti var idi ki, məsələni araşdırmamış, ailənin imkansız və çarəsiz olduğunu dəqiqləşdirməmiş xahişə gəlməzdi. Dəfələrlə mənə danışmışdı ki, müraciət edən ailənin məktubda yazıldığı vəziyyətdə olduğunu öyrənmək üçün rayon icra başçısına, kəndin səlahiyyətli şəxslərinə, hətta tanıdığı insanlara zəng edərək məlumat toplayandan sonra nazirliyə gəlirmiş. Zarafatı xoşlamasa da, ona deyirdim ki, Siz bir şöbənin işini görürsünüz, bəlkə Sizi nazirliyə işə götürüm?

Özlüyümdə də fikirləşirdim ki, 70-ə yaxın yaşı, çəlimsiz bədəni, səhhətində problemlər olan bir insanın görəsən, nəyinə lazımdır bu qədər zəhmətə qatlaşmaq?! Bilirdim ki, hər gün intensiv bədii yaradıcılıqla məşğul olur, tamaşaya qoyulan pyeslərinin bütün məşqlərində iştirak edir, ictimai xadim və məşhur şair kimi tez-tez görüşlərdə olur, üstəlik, Milli Məclisin, Yazıçılar İttifaqının (indiki AYB), Elmlər Akademiyasının iclasları və digər tədbirlər 24 saatlıq sutkasına, onsuz da sığışmırdı. Bunlardan başqa, ucqar kənddə yaşayan bir şagirdin rayon mərkəzindəki məktəbə köçürülməsi, yaxud təhsil haqqını ödəyə bilməyən tələbəyə möhlət verilməsi Bəxtiyar Vahabzadənin nəyinə lazım idi? Şöhrət, məşhurluq, hörmət qazanmaq, yaxud xeyirxah insan kimi tanınmaq ona lazım deyildi, xalq böyük şairini uzun illər idi ki, yaxşı tanıyır və səmimiyyətlə sevirdi. Onun belə xahişlərə görə çəkdiyi əziyyətlər xalqına yalnız sözdə yox, əməldə xidmət göstərməyin növbəti mərhələsi idi. Ən çox təəccüb doğuran o idi ki, təbiəti etibarı ilə çox qürurlu, sanballı və ləyaqətli şəxsiyyət olan Bəxtiyar müəllim çox yüksək rütbəli insanların qarşısında belə əyilmədiyi, əqidəsindən heç zaman dönmədiyi, özü üçün heç kəsdən kiçik bir xahiş də etmədiyi halda tanımadığı insanlara yaxşılıq etmək üçün saatlarla vaxt itirməyə hazır idi. Ən başlıcası isə bütün bu əməlləri xalqı qarşısında borc kimi, yəni heç kəsə bildirmədən, ictimailəşdirmədən, sakitcə icra edirdi.

Bəxtiyar Vahabzadə yalnız milli məfkurə, azadlıq, istiqlal uğrunda mübarizə aparmırdı, o, Mirzə Fətəlidən, Sabirdən, Mirzə Cəlildən gələn bir ənənə kimi xalqın sabahını, onun intellektual səviyyəsini, təfəkkür tərzini düşünən bir ziyalı kimi addımlar atırdı. 2001-ci ilin sonlarında nazirlikdə söhbət edəndə Kiril qrafikalı tarixdən sürətlə ayrılmaq üçün latın əlifbası ilə bədii əsərlərin çapı məsələsini qaldırdı: "Biz dünya ədəbiyyatının və öz yazıçılarımızın əsərlərini latın qrafikası ilə çap etdirməsək, hələ rusun təzyiqindən qurtula bilməyəcəyik" - dedi. Bilirdim ki, kitab çapı çox mürəkkəb prosesdir, ona da kağızın belə tapılmadığını, nəşriyyatların zəif texniki imkanlara malik olduğunu izah etməyə çalışdım. Mənimlə razılaşmadı, "Nəyin bahasına olursa olsun, bu kitablar çap edilməlidir, balalarımız məktəbi latın qrafikası ilə oxuyur, kitablarımız isə başqa əlifbadadır. Belə olmaz!", dedi. Doğrudur, iki ildən sonra cənab Prezident "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" məşhur sərəncamı imzaladı, ancaq bu, 2004-cü ildə olacaqdı...

Mən onun heç bir sözünü yerə salmırdım, qalmışdı ki, milli dəyərlərə istinad edən fikirləri olsun. Ona görə də təcili bütün imkanları götür-qoy edib nəşriyyatlarla danışdım, tanınmış alimlərdən, ictimai xadimlərdən ibarət redaksiya heyəti yaratdıq, onlarla birlikdə klassik ədəbiyyatımızdan çağdaş dövrə kimi, həmçinin dünya yazıçılarının əsərlərindən ibarət 100 cildlik bir siyahı hazırlayıb işə başladıq. Böyük çətinliklərlə üzləşdik. Əsasən 50-ci, 60-cı illərdə çap edilmiş kitabların hamısını yenidən redaktə etmək, latın qrafikası ilə kompüterdə yığmaq, digər texniki problemləri həll etmək lazım idi. Ancaq bu, Bəxtiyar Vahabzadənin sözü idi, nə cür olursa da olsun, başa çatmalıydı. Mən təhsil sistemində bu işdə səriştəsi olan kəsləri də cəlb edib işi sürətləndirdim, nəhayət 2004-2005-ci illərdə kitablar çap edilib oxuculara təqdim edildi.

Bəxtiyar Vahabzadə tariximizdə nadir şəxsiyyətlərdən biridir. Tale elə gətirdi ki, Azərbaycan ədəbiyyatında milli özünüdərk və vətənpərvərlik ruhunun simvoluna çevrilmiş böyük şairin 2009-cu il fevralın 14-də Bakı Dövlət Universitetinin akt zalında keçirilən vida mərasimini aparmaq mənə qismət oldu. Cənab Prezidentin də iştirak etdiyi mərasimdə şairlə bağlı bu məqalədə yazdığım bəzi xatirələrimi danışdım, onun vətən və xalq qarşısındakı xidmətlərini qeyd etdim. Zaman ötdükcə onun xidmətləri daha aydın görünür və düşünürəm ki, əgər bu gün onun haqqında danışmalı olsaydım, bir az da artıq yanğı ilə, bir qədər də ətraflı danışardım, belə insanların xoşbəxtliyini şərtləndirən əsas cəhəti - uzaqlaşdıqca möhtəşəmliyinin, əzəmətinin artdığını da əlavə edərdim.

Nə yaxşı ki, uca Tanrı mənə onunla tanış olmaq, hətta yaxın münasibət saxlamaq imkanı yaradıb...

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
525.az

1Mənbələr