AZ

ÜTT-yə üzvlük çərçivəsində Azırbaycan ilə Çin arasında protokol imzalanacaq

Pekin, 13 iyul, AZƏRTAC

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çinə səfər çərçivəsində bu ölkənin ticarət nazirinin müavini Yan Donq ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətlərinin möhkəm təməllər üzərində qurulduğu vurğulanıb. İki ölkə arasında inkişaf edən ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğu qeyd edilib.

Tərəflər iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərini müzakirə ediblər. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesi çərçivəsində mallar və xidmətlər üzrə ikitərəfli müzakirələr aparılıb. Müzakirələr nəticəsində ÜTT-yə üzvlük çərçivəsində ölkəmizlə Çin arasında mallar və xidmətlər üzrə danışıqlar yekunlaşdırılıb və ikitərəfli protokolun imzalanmasına dair razılıq əldə olunub.

Səfər çərçivəsində iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli elektrik enerjisinin ötürülməsi və bərpa olunan enerji üzrə ixtisaslaşmış TBEA şirkətinin baş icraçı direktoru Sonq Hui ilə görüşüb.

Görüşdə Azərbaycanda biznes mühiti, sərmayədarlar üçün yaradılan imkanlar haqqında məlumat verilib. Tərəflər əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
1
4
azertag.az

5Mənbələr