Hakimiyyət öz müxalifləri və ictimai sektorla həbs dilində danışmağa başlayır
Gürcüstanın müxalif “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Nika Qvaramiya həbs olunub.
Tbilisi şəhər məhkəməsi siyasətçiyə qarşı girov qətimkan tədbirini həbslə əvəzləyib.
N.Qvaramiya məhkəmə iclasında iştirak etməyib.
Müxalifətçi parlamentin istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunur. Tbilisi məhkəməsi ona qətimkan tədbiri kimi 30 min lari məbləğində girov tətbiq edib. Girovun ödənilməsi üçün müddət iyunun 7-də başa çatıb.
Qeyd edək ki, eyni ittiham irəli sürülmüş digər müxalifət liderləri Nika Meliya, Zurab Caparidze və sabiq müdafiə naziri İrakli Okruaşvili də girovu ödəmədiklərinə görə ötən ay həbs ediliblər.
Politoloq Turab Rzayev Sherg.az-a bildirib ki, artıq Gürcüstanda siyasi mübarizə daha sərt üsula keçib:
"İndiyə qədər siyasi qüvvələr bir-birlərinə daha hörmət və nəzakətlə yanaşırdılar. Açıq şəkildə həbs, işgəncə kimi hallara çox rast gəlinmirdi. Bu gün siyasi partiya rəhbərləri, millət vəkilləri həbs edilir. Onların hər hansı üsulla azadlığa buraxılması da mümkün görünmür. Bütün bunlar onu göstərir ki, Gürcüstanda siyasi mühit sərtləşəcək. Faktiki olaraq, hakimiyyət öz müxalifləri və ictimai sektorla həbs dilində danışmağa başlayır. Digər tərəfdən məsələnin beynəlxalq tərəflərini də unutmamalıyıq. Rəsmi Tbilisinin davranışlarında Rusiyanın xüsusi rolu ola bilər. Belə ki Rusiya ABŞ və Qərblə geopolitik rəqabət kontekstində ipləri sıxmağa başlayıb. Kreml Gürcüstan hakimiyyətindən tələb edir ki, ölkədəki Qərb meyilli qüvvələri getdikcə təmizləsin".
Analitik qeyd edib ki, indiki halda heç bir xüsusi və ya ciddi səbəb olmadan müxalif qüvvələrin bu şəkildə həbsi Rusiyanın Qərbin agentlərini regiondan təmizləmək istəməsinə işarədir:
"Ümumilikdə müxalifət hakimiyyətlə çox da mübarizə apara bilməyəcək. Çünki onların əllərində dəstək yoxdur".