“Qaşların tağinə versəm dil-i suzan, nə əcəb,
Rəsmdir asıla qəndil nəzərgahlərə"
(Füzuli)
Öncə zəhmətkeşlərimizə bir xəbərdarlıq etmək istəyirəm: bu yazı çıxan gün ayın 13-ü və cümə günü olacaqdır, ehtiyatlı olun. Çünki dərin alimlərin rəyinə görə əgər ayın 13-ü cüməyə düşürsə, bu, çox nəhs təqvim hadisəsidir. Belə günlərdə şeytan zəncirdən qırılıb xalqı ovsunlayır, cinlər vətəndaşları tora salır, qulyabanılar başımız üstdə yallı gedirlər.
Lazımdır ki, cümə 13-nə düşəndə mollaya gedib 9-cu fələk qatının duasını yazdırıb yaxanızdan asasınız. Həmçinin son illərin təcrübəsi göstərir ki, bu tarixdə lədun elminin bilicilərindən Müşfiq Fəndgirin “Toyuq budu və əhli-zənən-şəyatini-məxluqat” traktatından orta vərəqlərdən birini qoparıb 95 dərəcəli suda qaynadaraq səhər-günorta-axşam 50 qram istemal eləmək məkruhdur.
İndi keçək gündəmə. Şükür olsun, artıq gündəmimizə gün dəyməyə başlamışdır, yoxsa az qalırdı iyun ərzində günəş üzünə həsrət qalaq. Çox gündəyməz bir gündəm idi. Yəqin burada şanlı hökumətimizin cahanşümul fəaliyyətinin təsiri çoxdur, elə təzəlikcə əlaqədar orqanlardan aldığımız məlumata görə, yay fəsli ana yurdumuz çiçəklənən Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq. Saniyəsinəcən bilirlər. Ona görə Günəş müəyyən xəcalət çəkdi, buludlar arasından çıxmaq qərarına gəldi. Təşəkkür edirik. Həm hökumətə, həm Günəşə. Prinsipcə, ikisi də bizim üçün eynidir.
Günəş demişkən, hökumət təzə qanun çıxarır, elektrik enerjisi və qaz üzrə sabit tarif qoyacaqlar. İşığı yandırdın-yandırmadın, həmin pulu ödəyəcəksən. Deyir biz zəhmət çəkib evlərə tok xətti çəkirik, boru-filan uzadırıq, canın çıxsın işıq yandır. Evdə olmayanda qazı açıq qoy, pul yazsın. Bizə nə dəxli var? Boru müftədir bəyəm?! Dünyanın heç yerində xalqa müftə boru uzadılmır.
Əladır. Növbəti addım kimi, işığa baxmaq ödənişli olsa alqışlayarıq. Hələ bəziləri utanmadan, müftə şəkildə “o işıq haqqı” deyə and içirlər. Haqqını vermədiyin işığa and içmək təxminən əməl eləmədiyin qanuna and içmək kimidir.
Su, zibil, bələdiyyə seçkiləri, icra başçısının qəbuluna yazılmaq və sairə də sabit tarifli olmalıdır. Divanda uzanıb qarnını qaşımaq sabit tariflə, ödənişi olsun. Çünki bunlar hamısı sabitliyin əsəridir. Sabit tarif bunun üçün olmalıdır.
Daha bir möhtəşəm qərar verilib, avtobus xəttinə minik maşını ilə girib adam düşürtməyə və mindirməyə artıq icazə vardır!
Xüsusi yerlər ayrılacaq. Yoxsa həqiqətən çətin günlər yaşayırdıq. Elə adam var keçən il evdən çıxıb, küçədə düşməyə yer tapmadığı üçün maşında qalır. Həftədə 1 dəfə şəhər kənarında arvad-uşağı ilə görüşə icazə verilir, çünki yalnız orada maşından düşmək mümkün imiş.
Şükür, bu problemimiz də qansız-qadasız həll olundu. İnşallah, gələn Qurban bayramında bunu həll edənlərə qurban kəsmək millətin borcudur. Hətta daha kəskin çıxsa da, yazıram: boynunun borcudur!
Ancaq bəzi siyasi-sosial, geopolitik-inzibati məsələlərin həlli üçün dövlət proqramlarının hazırlanması gecikir. Bəlkə də gecikmir, üzr istəyirəm, mən hesab edirəm gecikir. Ümid edirəm buna görə xalqın nifrətini qazanmaram.
Həmin məsələlərdən biri toyda mahnı sifarişlərinin tənzimlənməsi, bu sahədə müvafiq qayda-qanun yaradılmasıdır. Mən uşaq vaxtımdan xatırlayıram, bizim hər bir toyda mütləq dava düşürdü, əsasən də mahnı sifarişi, oynamaq növbəsi üstündə. Qarabağ problemi həll olundu, lakin toyda mahnı sifarişi hələ öz həllini gözləyir. Bugünlərdə Ağdaşda “Ağsaray” toyxanasında “Ağabala” ansamblının (axırıncı zarafatdır, ansamblın adı “Bəyoğlan”dır - Z.H.) musiqiçiləri mahnı sifariş verən vətəndaşı yaxşıca əzişdiriblər, hazırda 2 nəfər polisdədir. Bunun özü maraqlıdır ki, adətən toyda manısları döyürdülər, indi onlar mahnı sifariş edənləri şappıldadır. Deməli, sənətkarlarımız arasında zorakılığa meyl artır. Əlbəttə, şübhəli şəkildə Alim müəllim də toyda rep oxumağa başlayıb. Reperlər arasında bir-birini öldürmək adəti vardır, uzaq olsun.
Toyda mahnı sifarişi qanunu qəbul edilməlidir, uzun sözün qısası.
P.S. Epiqrafda şair demək istəyir ki, yarın qaşları canını alsa dözməlisən, çünki müftə çilçıraq, lüstr (qəndil) heç harda yoxdur, xüsusilə tamaşalı yerlərdə...