Londonun “ICE Futures” birjasında Brent markalı neftin avqust fyuçerslərinin qiyməti Bakı vaxtı ilə saat 6:42-də 13,18% artaraq 78,5 dollara çatıb. Brent markalı neftin qiyməti 2025-ci il yanvarın 24-dən bəri ilk dəfə olaraq bu həddi keçib. Sonra artım səngiyib: Bakı vaxtı ilə saat 10:50-də neftin qiyməti 6,69% artaraq bir barel üçün 74 dollara satılırdı.
İsrailin İranın Natanzdakı ən böyük nüvə obyektinə hücumundan sonra neftin qiyməti qalxıb.
“Bloomberg”-in qeyd etdiyi kimi, İranın Çin və Hindistana əsas xam neft ixracatçısı olması səbəbindən İsrailin hücumu neft bazarına ən çox təsir edib. Agentlik diqqəti bu hücumun qlobal maliyyə bazarlarının aprel ayında ABŞ prezidenti Donald Trampın tariflərinin səbəb olduğu tənəzzüldən sağaldığı bir vaxta təsadüf etdiyinə diqqət çəkir.
“Wilson Asset Management” portfel meneceri Metyu Hauptun sözlərinə görə, bazarlar hazırda Tehranın reaksiyasının sürətini və miqyasını izləyir.
“JPMorgan” ekspertləri əvvəllər xəbərdarlıq etmişdilər ki, Hörmüz boğazından keçən axınların blokadası və ya Yaxın Şərqdə daha genişmiqyaslı qarşıdurma olarsa, neftin qiyməti bir barel üçün 130 dollara yüksələ bilər.
“Bloomberg Economics” analitikləri Tom Orlik və Anna Vonq hesablayıblar ki, Brent markalı neftin qiymətinin bir barel üçün 100 dollara qalxması ABŞ-da bütün növ benzinlərin qiymətinin 17% artmasına səbəb olacaq. Bu, əsas CPI-yə (istehlakçı qiymətləri indeksi) 0,6 faiz bəndi əlavə edərək, iyun ayında illik dəyişikliyi 3,2%-ə çatdıracaq.
Almaz Həsənli