Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən biri şair Hüseyn Bağıroğludur. Şeirlərinin səmimiliyi, insan problemini yeni lirik əhval-ruhiyyədə bədii əksinə görə fərqlənən Hüseyn Bağıroğlu Babək ədəbi mühitinin yetirdiyi və müasir Azərbaycan şeirində rəğbətlə qarşılanan nümayədələrindən biridir. Hüseyn Bağıroğlu 1961-ci ildə Nehrəm kəndində doğulub. Ali təhsil alandan sonra müxtəlif yerlərdə, o cümlədən Naxçıvan Dövlət Televiziya və Radio verilişləri komitəsində çalışıb. Ədəbi mühitdə istedadlı şair kimi özünə dərin hörmət və rəğbət qazanan şair şeirlərinin bədii siqləti və ideya-məzmun xüsusiyyətləri ilə diqqət cəlb edib. Onun müxtəlif illərdə bir neçə kitabı, o cümlədən "Adam kölgəsinə səsləmə məni" (1998), "Mən çiynimdən yerə qoydum dünyanı" (2001), "Başımda qar olur, ayağımda yaz" (2010), "Nə yaxşı göydədi hələ göy üzü" kimi kitabları çap olunmuşdur.
İstedadlı şair bədii səmimiyyəti ilə daha çox oxucu rəğbəti qazanmışdır. Şairin "Adam kölgəsinə səsləmə məni", "Mən çiynimdən yerə qoydum dünyanı" kimi misraları da həm fəlsəfi məzmunu ilə fəqlənən, həm də geniş oxucu rəğbəti qazanan misrlar sırasındadır. Şairin yaradıcılığı haqqında bəhs edən Nadir Yalçın yazır: "Şeirləri oxuduqca hiss olunur ki, şair hər bir misrasını ürəyinin odu, duyğularının şəhdi ilə qələmə alıb. Ədəbi qanunauyğunluqların dəqiq gözlənildiyi bu şeirlər əsas verir ki, oxucu mütaliə zamanı müəllifin kamil bədii portretini öz təxəyyülündə canlandırsın". Doğrudan da, şair Hüseyn Bağıroğlu o sənətkarlardandır ki, onun yaradıclığı mənəvi kimliyinin bədii ifadəsidir. Şair yaradıcılığında kimdirsə, həyatda şəxsiyyət olaraq da odur. Onun poetik ifadələri şəxsiyyətinin həyat dəyərləri, yaşam qənaətləridir.
Hüseyn Bağıroğlu lirik şairdir. Onun yaradıcılığında vətən və insan sevgisinə həsr olunan humanist məzmunlu əsərləri şairin ədəbi şəxsiyyətinin möhürü kimi çıxış edir. İnsana dərin hörmət və sevgi nümayiş etdirən şair əsərlərində də bu humnanizmi uğurla nümayiş etdirə bilmişdir. Hüseyn Bağıroğlunun yaradıcılığında Vətən insandan - vətəndaşdan kənar anlaşılan məfhum deyil. Həm də H.Bağıroğlu "vətən, vətən" deyə süni pafos və yorucu söz təkrarları ilə vətənpərvərlik və vətənə məhəbbət ideyası əks etdirmək deyil, vətən sözü işlətmədən vətəni sevdirən və məhəbbət duyğularını ifadə edən sənətkardır:
Dağlarda düşmənə göz dağı-səngər,
Düzlərdə bir zərif çiçəkdi Vətən.
Hər məqamda sən düşmənə sinə gər,
Simurq qanadında lələkdi Vətən.
Şairin bədii söz sənətkarlığının təzahürüdür ki, dağdakı çiçəklə şəhid əynindəki köynək arasında həm söz qabığı, həm də inteqrativ əlaqə taparaq vətən anlayışında birləşdirmişdir. Şairin təbirincə, Vətən həm dağ döşündəki çiçək, həm də dağlar kimi sinə gərən şəhid əynindəki köynəkdir. Çiçəklər dağ döşündə rənglənib Vətənə gözəllik, sevgi bəxş etdiyi kimi, Şəhid əynindəki köynək də Vətənə dəyən güllələrin yarasından rəng alaraq Vətənə məhəbbətin sevgi rəngini təzahür etdirir. Bu baxımdan şəhid köynəyi həm də vətən bayrağıdır:
Tufanlı günlərdə dayağa dönər.
Dumanlı günlərdə mayağa dönər.
Qızara-qızara bayrağa dönən
Bir şəhid əynində köynəkdi Vətən.
Əlbəttə, bu düşüncə, baxış milli düşüncə və inamın təzahürüdür. "Kitabi-Dədə Qorqud" dastanında da Vətənin qeyrətli, igid, qəhrəman oğlu Beyrəyin qanlı köynəyi Vətən sevgisinin bayrağına çevrildiyi kimi, onun barmağından axan qan ağlamaqdan kor qalan Atanın gözlərinin aydınlıq ümidinə, şəfasına çevrildi. Hətta milli dəfnetmə ənənəsinə görə, şəhidlərin əynindəki qanlı paltarlar onların son kəfəni olaraq qəbul edilər və dəfn olunar. Bu mənada şəhid köynəyi müqəddəsdir, vətən, torpaq müqəddəsliyinin ifadəsidir.
Şairin "Mənim şəhid-şəhid azalan yurdum" misrası ermənilərin Azərbaycana qarşı hərbi müdaxilələri nəticəsində itirələn torpaqları və şəhid düşən vətən övladlarına elegeya təsiri bağışlayan misrasıdır. Şair müxtəlif mövzularda yazdığı şeirlərdə özünəməxsus sənətkarlıq bacarığı nümayiş etdirilmişdir. Vətən sevgisi vətəndaşlığın alın yazısı kimi onun misralarında xüsusi yer tutmuşdur:
Allahdan da öz payını
Utana-utana istədin.
Özünə heç nə ummadın,
Hər şeyi Vətənə istədin.
Şairin istedadla qələmə aldığı "Salam, əziz Şuşa" şeiri Vətən müqəddəsliyinə bürünmüş Şuşanın zəfərinə həsr edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın alındığı gün "Salam, əziz Şuşa, biz qayıtmışıq!" fikrindən mənəvi qida və boy alan şeirdə Şuşaya bəslənilən müqəddəs sevgi və onun zəfərindən doğan intəhasız qürur öz bədii əksini tapmışdır:
Sənsən bizim ruhumuzun məskəni,
Yad əllərdə qoyardıqmı heç səni?
İti qovan kimi qovduq düşməni,
Salam əziz Şuşa, biz qayıtmışıq!
Sənə göz dikənin vurduq gözündən,
Hünəri var bir də çıxsın özündən.
Gör nə at çapırıq Cıdır düzündə!
Salam əziz Şuşa, biz qayıtmışıq!
Sən indi azadsan azad quş kimi,
Axır gözümüzdən sevinc yaş kimi,
Eşqin qəlbimizdə bir naxış kimi.
Salam, əziz Şuşa, biz qayıtmışıq.
Çox oddan, alovdan keçib gəlmişik,
Dağ çəkənə dağlar çəkib gəlmişik,
Şəhadət şərbəti içib gəlmişik.
Salam, əziz Şuşa, biz qayıtmışıq.
Şairin "Azərbaycan əsgəri" şeiri də Azərbaycan əsgərinə həsr edilən ən uğurlu fəxriyyələrdən biri kimi qiymətləndirilə bilər. Bu şeir özünün təntənəliliyi ilə diqqəti cəlb edir:
Ey tarixin ilk əri,
Azərbaycan əsgəri!
Dünya türkün dünyası,
Vətən ömrün mənası,
Başda Turan sevdası,
Bağrına bas Xəzəri.
Sənsən uca Allahın
Ən sevimli əsəri,
Azərbaycan əsgəri!
İman dolu köksünə
Nə ox, nə güllə dəysin.
Uca Tanrı düşməni
Sənin əlinlə döysün.
Hünərinə sevinib
Coşsun Araz, Həkəri...
Ey tarixin ilk əri,
Azərbaycan əsgəri!
Şeir öz tənətənə və təmtəraqlı üslubuna görə marş janrını xatırladır. Bu mənada "Azərbaycan əsgəri" şeirini yüzillərə öz hünərilə tarixə yazdığı böyük zəfərdən sonra Azərbaycan ordusunun fəxriyyəsi və əsgər yürüyüşü üçün marşı hesab etmək olar.
İstedadlı şairə və ədəbiyyatşünas Lütviyyə Əsgərzadə Hüseyn Bağıroğlunun yaradıcılığını səciyyələndirərkən yazırdı: ""Vətən", "Azərbaycanım", "Salam, əziz Şuşa", "Azərbaycan-Türkiyə", "Sənin baban", "Azərbaycan əsgəri" və b. şeirlərdə doğma torpağa bağlılıq, Vətən övladlarının misilsiz qəhrəmanlığı, Böyük Zəfərimiz, vətən torpağının əsarətdən qurtuluşu, yenidən yazılan tariximiz yüksək poetik dillə nəzmə çəkilir".
Buludlar hayqırır, şimşəklər dinir,
Hər əsən küləkdən qopur bu nida;
Ulduzlar sayrışır, mələklər dinir,
Yurd sevən ürəkdən qopur bu nida:
"Azərbaycan can içində bir candır!
Qarabağ əbədi Azərbaycandır!"
Hər qaya köksündə, hər dağ başında
Tarixim daşlarda dil açıb deyir;
Bu qədim torpağın hər qarışında
Şəhid məzarları gül açıb deyir:
"Azərbaycan can içində bir candır!
Qarabağ əbədi Azərbaycandır!"
Şair Hüseyn Bağıroğlunun lirikası fəlsəfi məzmunu ilə daha çox diqqətə gəlir. Şairin bütün şeirlərində fəlsəfi rəng, fəlsəfi düşüncə, hər bir anlamı daha geniş məzmunda qəbul etmək onun yaradıclığı üçün xarakterik və səciyyəvidir. Hüseyn Bağıroğlunun bu kontekstdə böyük rəğbət qazanan şeirlərindən biri "Söz" şeiridir. Məlumdur ki, Azərbaycan ədəbiyyatında əzəldən söz üzərində çoxsaylı şeirlər həsr edilmişdir. Həm şifahi xalq ədəbiyyatında, xalq inancında söz müqəddəsliyi ilə mənalandırılmış, həm də klassik sənətkarlarımız sözə müqəddəs məna verərək onun şəninə ən alovlu misralar həsr etmişlər. Nizami Gəncəvinin poemalarında söz haqqında bəhs olunan müdrik misraları, Fəzlullah Nəiminin, İmadəddin Nəsiminin, Şah İsmayıl Xətayinin, Yunus Əmrənin və türk şeirinin böyük ustadı Məhəmməd Füzulinin söz haqqında şeirləri ədəbiyyatımızın ən diqqətəşayan yerlərini tutmaqdadır. Hüseyn Bağıroğlunun da sələflərinin ənənəsinə qayıdaraq sözə fəlsəfi məzmunda yanaşan bu şeiri xüsusi məna-məzmun xüsusiyyətlərilə diqqəti cəlb edir. Sözü yaradılışdan əvvələ - daha qədim, əzəli bir anlayışa sahib olduğunu qeyd edən şair onun müqəddəslik rəmzindən, xeyir anlamından, hələ şərə əsir-yesiur olmamasından bəhs açır, onun müqəddəs yerindən danışır:
Onda mələklərin dodağındaydı,
Onda yer üzünə enməmişdi Söz.
Ömrünün ilahi nur çağındaydı,
Qarğışa, söyüşə dönməmişdi Söz.
Onda yer üzünə enməmişdi Söz.
...Söz onda şah idi qızıl taxtında,
Şeytanla sözünkü düz gəlməmişdi.
Həvvanın üzündən cənnət bağında
Adəmin üzünə söz gəlməmişdi.
Şeytanla sözünkü düz gəlməmişdi.
Sözə orijinal bir yanaşma göstərən şairin bu misraları ədəbiyyatımızda ən qiymətli misralar kimi qalmağa layiq nümunəılərdəndir.
Hüseyn Bağıroğlunun yaradıcılığında insan da çox mühüm bir yer tutaraq əks etdirilir. İnsan müqddəs yaradılış mahiyyətinə malik bir varlıq kimi sevilsə də, şeytana yoldaş bir varlıq kimi də ondan dərin bir giley, şikayət var Hüseyn Bağıroğlunun yaradıcılığında. Şeirlərindən birində insanlardan gileylənən şair yazırdı:
İlahi, görürsən bəndələrini,
Məndə yaşamağa hal qoymadılar.
Dərd ilə hördülər hər tərəfimi
Bir yana çıxmağa yol qoymadılar.
Və yaxud şairin:
Ruhumuz göylərdə darıxır yəqin,
Yerdən göy üzünə baxmağa gəlir.
Bəlkə də əyninə bir bədən geyib
Güzgüdə özünə baxmağa gəlir -
misraları insan haqqında platonik düşüncələri özündə ehtiva edir.
Göyə endirdilər məni,
Səma gəlib çatdı mənə.
Sözlə dindirdilər məni,
Məna gəlib çatdı mənə.
Bilmədim bu nə qurğudu,
Başladı eşqin qürubu;
İçimdə ümman qurudu,
Dərya gəlib çatdı mənə.
Nə məkanda, nə vaxtdaydım,
Nəğmə kimi dodaqdaydım...
Mən dünyadan qabaqdaydım,
Dünya gəlib çatdı mənə.
Şairin "Mən dünyadan qabaqdaydım", "Bura yer üzüdü", "Göy adamları", "Biz yerə gəlməyik", "Cənnətdi sevənin yeri dünyada" və digər şeirləri özünün fəlsəfi məzmunu ilə diqqəti cəlb edən əsərlər silsiləsindəndir.
Beləliklə, oxucuların sevimli şairi Hüseyn Bağıroğlu özünün yüksək bədii sənətkarlıq ehtiva edən əsərləri ilə "nəğmə kimi dodaqda" olan, bədii dərki və poetik qavrayışı etibarilə isə "dünyadan qabaqda" olan sənətkar kimi həmişə ən uca yerdə - söz sevənlərin qəlbində və dilində olan şairlərdəndir.
Ramiz QASIMOV
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
filologiya üzrə fəlsəfə doktoru