AZ

ABŞ və İsrail xəbərdarlıqlarının blef olmadığını göstərdilər



ABŞ və İsrail xəbərdarlıqlarının blef olmadığını göstərdilər. İsralinin İrana qarşı bu gecə həyata keçirilən və hazırda da davam edən hərbi əməliyyatı xeyli müddətdir qarşılıqlı təhdidlərlə müşahidə olunan qarşıdurmanın növbəti mərhələsinin başlanğıcıdır. Çünki İranın hətta zəif də olsa İsrailə silahlı qarşılıq verməməsi Tehran hökumətini mərkəzdən qaçma meyillərinin qarşısında aciz vəziyyətə sala bilər.
Etiraf etmək lazımdır ki, bu hücumunun miqyası və nəticələri proqnozlarda ifadə olunandan çox ağır oldu. Demək olar ki, bütün qoşun növləri üzrə ali hərbi komandanların öldürülməsi, nüvə obyektlərinə və hərbi infrastruktura böyük zərbələrin vurulması İsrailin açıq hərbi üstünlüyünün nümayişi oldu. Bu, həm də İrana müharibə elanıdır. Çünki İranın hərbi və siyasi rəhbərliyi İsrailin bir daha onlara hücum etməsinin geniş miqyaslı müharibəyə səbəb olacağını bəyan etmişdi.
Əlbəttə ki, bu hücumun İranda hakimiyyət dəyişikliyinə səbəb olacağını düşünmək sadəlövlük olardı. Ancaq bütün hallarda antoqonist ziddiyyətlərin inkişaf tempinin İranın qəbul edəcəyi qərarlardan asılı olacağını göstərir. Seçim açıq müharibə olacaqsa İranın uzunmüddətli mərhələrə buna davam gətirməsi inandırıcı görünmür. Çünki İsrailin son il yarımlıq müddətdə həyata keçirdiyi hücumlar nəticəsində rəsmi Tehranın uzun zaman müddəti ərzində hərtərəfli himayə eydiyi proksi qüvvələr demək olar ki, ya tükənib ya da onların müqavimət gücü son dərəcə zəifləyib. Bu cəhətdən İran ya parqmatik mövqe tutub nüvə silahının hazırlanmasına başa çatdırana qədər danışıqları davam etdirib masada razılaşmaların əldə olunmasına çalışacaq. Ya da hazırki hərbi dalğanın böyüyərək İrandakı teokratik rejimin süqutuna qədər inkişaf etməsindən çəkinməyəcəklər. Bu, az ehtimal olunan variantdır.
Unutmayaq ki, Bakıdan Təbrizə 560, Naxçıvandna Təbrizə isə cəmi 187 km məsafə var. Bu cəhətdən Azərbaycan sərhədlərinin yaxınlığında uzunmüddətli hərbi əməliyyatların başlaması təhlükəsizliklə bağlı ciddi risklər yaradır.
Azərbaycanı zəif hesab edərək bir ərazimizdən digər ərazimizə maneəsiz quru yolunun açılmasının qarşısını almaqla fəxr edən İranın qonşu dövlətlərə münasibətdə konstruktiv mövqe tutmağın vacibliyini qəbul etməsi rəsmi Tehranın özü üçün də faydalıdır. İsrailin isə hərbi əməliyyatları tezliklə başa çatdırması Azərbaycanın güneyindəki on milyonlarla soydaşlarımızın təhlükəsizliyi baxımından bizim üçün önəmlidir.

Elməddin Behbud
Seçilən
15
newscenter.az

1Mənbələr