Bakı, 13 iyun, AZƏRTAC
2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının hüquqi təməl üzərində birləşməsi və strateji ittifaqımızın rəsmi bəyanıdır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
O bildirib ki, Azərbaycan və Türkiyə dövlətlərarası münasibətləri dərin tarixi köklərə əsaslanan, zamanın sınağından çıxmış sarsılmaz birliyin simvoludur. Hər iki ölkənin qurucu liderləri əlaqələrimizi tərənnüm etdirən kəlamlar səsləndirib, tarixi bağların əhəmiyyətini önə çəkiblər. XX əsrin əvvəllərində qazi Mustafa Kamal Atatürk demişdi: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” ifadəsi iki ölkə arasındakı əlaqələrin ideoloji və mənəvi əsaslarını təşkil edir.
"Bu gün rəsmi Bakı və Ankara bütün sahələrdə uğurla əməkdaşlıq edir. 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı, bölgənin gələcəyinə yönəlik strateji bir addımdır. Bu sənəd təkcə iki dövlətin dostluq və qardaşlığını təsdiqləməklə kifayətlənməyərək regionun sabitliyinə, təhlükəsizliyinə və inkişafına böyük töhfə verir.
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın uzaqgörənliyinin məntiqi nəticəsi olan Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin hüquqi bazasını formalaşdırdı. Sənəddə yer alan qarşılıqlı hərbi yardım, müdafiə sənayesi üzrə əməkdaşlıq, nəqliyyat, enerji, ticarət və digər sahələrdə fəaliyyət müddəaları iki ölkənin sarsılmaz iradəsini təsdiqləyir.
Məhz bu səbəbdən Şuşa Bəyannaməsi təkcə siyasi-iqtisadi və hərbi əməkdaşlıq sənədi deyil, eyni zamanda, xalqlarımızın birgə gələcəyi naminə atılmış böyük bir addımdır. Bu sayədə regionda yeni bir güc balansı formalaşır. Bakı və Ankaranın birgə səyləri nəticəsində Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivləri daha real görünür. Bununla yanaşı, Zəngəzur dəhlizi kimi qlobal xarakterli layihələr geosiyasi baxımdan inkişafı stimullaşdırır", - deyə G.Ağamalı vurğulayıb.
Deputat əlavə edib ki, bu gün Azərbaycan və Türkiyə birliyi regionda sülhün və əmin-amanlığın əsas təminatçısına çevrilib. Şuşa Bəyannaməsi bir daha sübut etdi ki, birliyimiz əbədi və sarsılmazdır.