“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Odessanı ələ keçirərək, Rumıniya və Moldova ilə sərhədə çatmağı planlaşdırdığı ilə bağlı açıqlamanı təsadüfi verməyib. O, Rusiyanın planından xəbərdardır. Müharibə başlayandan Rusiyanın hədəfi Odessanı ələ keçirtmək niyyətində idi və bununla Ukraynanın Qara Dənizə çıxışını bağlayaraq öz mövqelərini gücləndirəcəkdi. Lakin buna nail ola bilmədi, ona görə də hədəflərini lokallaşdıraraq Donbası ələ keçirtmək üstündə dayandı. Bu konteksdən Kiyevin mühasirədə olduğu dövrdə buna nail ola bilməyən Rusiyanın mövcud vəziyyətdə başlanğıc hədəfinə çatması inandırıcı görünmür”.
Bunu Editor.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Onun sözlərinə görə, Zelenski bu məsələni yenidən gündəmə gətirməklə, Rusiyanın Ukraynaya qarşı müharibəsinin nə qədər riskli və təhlükəli olduğunu göstərir:
“Bu müharibə təkcə Ukrayna üçün deyil, Rumıniya və Moldova da daxil olmaqla, Avropa üçün ciddi təhlükədir. Bununla da məqsəd Rusiyaya qarşı müharibədə Ukraynaya verilən dəstəyi daha da çoxaltmaqdır. Zelenski göstərməyə çalışır ki, əgər dəstək azalsa və Ukrayna təslim olarsa, Rusiyanın bundan sonrakı hədəfi Moldova, Rumıniya daxil olmaqla Avropanın özüdür. Xüsusilə indiki halda bunu yenidən gündəmə gətirməsi Tramp administrasiyanın Ukrayna müharibəsi ətrafında aparılan danışıqlardan da qaynaqlanır. Çünki Baydendən fərqli olaraq Trampa müharibənin kimin maraqlarına uyğun bitirməsində maraqlı deyil. Mövcud şərtlərdə ABŞ elə Rusiyanın maraqlarına uyğun problemi həll etmək istəyir. Bu baxımdan Ukrayna üçün indi əsas xilasedici yol Avropanın dəstəyidir. Avropada da zaman-zaman Ukraynaya dəstək məsələsində fikir ayrılıqları yaranır. Proses göstərir ki, perspektivdə bu dəstəyin nə qədər davam edəcəyi də istənilən vaxt sual altına düşə bilər. Ona görə də rəsmi Kiyev zaman-zaman bu açıqlamaları ilə real təhlükəni çatdıraraq dəstəyi artırmaq istəyir. Rusiyanın başlanğıc planı isə dəyişməyib, sadəcə bu hədəfinə çatması artıq sual altındadır. Əgər Ukraynaya dəstək azalsa, Rusiya birbaşa bu planı tətbiq edəcək”.
//Gülnarə Abasova, Editor.az