Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və külli miqdarda vəsaitin leqallaşdırılması ittihamı ilə təqsirləndirilən Bahadır Qasımov, İkram Qasımov, Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən iclasda iş üzrə sənədlər tədqiq olunub.
Proses zamanı təqsirləndirilən şəxslərin SMS yazışmaları və digər sənədlər elan edilib.
Yazışmaların elan olunmasını təqsirləndirilən İkram Qasımovun müdafiəçisi Vüqar Əliyev xahiş edib.
Yazışmalar açıqlanarkən məlum olub ki, təqsirləndirilən şəxslər öz aralarında razılaşmaları, alış-veriş zamanı aldıqları pulları müzakirə ediblər.
Müdafiəçi Kamandar Nəsibov vəsatətlə çıxış edərək müvəkkilinin mobil telefonuna yenidən baxış keçirilməsini istəyib. O bildirib ki, bu həcmdə olan cinayət işi üzrə təqdim edilmiş audit yoxlaması cəmi 4 səhifədən ibarətdir və bu, işin miqyasına uyğun deyil.
Kamandar Nəsibov ekspert rəyinin əsassız olduğunu qeyd edərək ekspertin barəsində xüsusi qərardad çıxarılması üçün vəsatət verib.
İclasda digər vəsatətlər də müzakirə olunub.
Müdafiə tərəfi iş üzrə aparılmış əmtəəşünaslıq ekspertizasının nəticələri ilə razı olmadığını bildirib və təkrar ekspertiza keçirilməsini istəyib.
Vəkil həmçinin təqsirləndirilən Cavid Əzizovun və onun yaxın qohumlarının adına olan əmlakların üzərindən həbsin götürülməsi barədə vəsatət qaldırıb.
Müdafiəçinin sözlərinə görə, istintaq orqanı həmin əmlakların cinayət nəticəsində əldə edilib-edilməməsini müəyyən etmədən məhdudiyyət tətbiq edib. O, əmlak sahiblərinin məhkəməyə çağırılaraq dindirilməsini də tələb edib.
Dövlət ittihamçısı vəsatətlərin təmin edilməməsini xahiş edib.
Qısa müşavirədən sonra vəsatətlərin təmin olunmaması barədə qərar elan edilib.
Qeyd edək ki, 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən Yasamal rayonu ərazisində aparılan əməliyyat tədbirləri nəticəsində mütəşəkkil cinayətkar dəstənin fəaliyyəti ifşa olunub. Həmin əməliyyat nəticəsində Bahadır Qasımov, İkram Qasımov, Fərhad Qasımov, Cavid Əzizov, Vəli Əliyev və Anar Əhmədov saxlanılıb.
İttihama əsasən, dəstə üzvləri xarici ölkələrdən Azərbaycana və əks istiqamətə qanunsuz pul köçürmələri həyata keçiriblər, qeyri-qanuni bank fəaliyyəti göstərərək külli miqdarda vergidən yayınıblar. Pulların leqallaşdırılması prosesləri Bakı, İstanbul və Dubay şəhərlərində təşkil olunmuş ofislərdə aparılıb.
Təqsirləndirilən şəxslərin vasitəsilə xarici ölkələrə 254 milyon 409 min 947 manat qanunsuz pul köçürüldüyü müəyyən edilib. Onlar bu əməliyyatlar müqabilində ümumilikdə 2 milyon 500 min manat məbləğində xidmət haqqı əldə ediblər.
Axtarış zamanı İkram Qasımovun yaşadığı evdən və ofisdən 1 milyon 500 min ABŞ dolları, 1 milyon 400 min manat, ABŞ istehsalı olan odlu silahlar, dəyəri təxminən 1 milyon manata yaxın 100-ə yaxın qızıl-zinət əşyası aşkar edilib.
Məlumata görə, həmin zinət əşyaları ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib. Bundan başqa, saxlanılan şəxslərin və onların ailə üzvlərinin adına olan çoxsaylı daşınmaz əmlak, həmçinin 100-ə yaxın bahalı avtomobil və digər nəqliyyat vasitələrinin üzərinə həbs qoyulub. Ümumilikdə əmlakların dəyəri yarım milyard manata yaxındır.
Məhkəmə prosesi iyulun 25-də davam etdiriləcək.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com