AZ

İranın müqavimət göstərmək imkanları yoxdur



"İsrailin İrana hücumunu gözlənilməz deyil, amma gözlənilən hücum adlandırsaq doğru olar. Nəhayət ki, uzun illərdən sonra Israil həmişə etdiyi, yəni İranın nüvə obyektlərini bombalayacağı hədəsini yerinə yetirdi. Bununla yanaşı bir çox sivil və hərbi obyektlər də vuruldu. Bir neçə nüvə alimi, ordu və SEPAH rəhbərliyi məhv edildi. Hücumlar qarşılıqlı davam edir".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri səsləndirən ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib ki, İran isə yenə də hədələr sovurmaqla məşğuldur:

"Amma bu dəfəki qarşıdurma münaqişə olmaqdan çıxıb genişmiqyaslı müharibəyə çevrildi. Zərbələrin qarşılıqlı davam edəcəyi xəbərləri gəlir. İranın nüvə obyektlərinin vurulduğu və məhv edildiyi deyilsə də, bunu dəqiqləşdirmək üçün zaman lazımdır. Məsələ ondadır ki, nüvə obyektlərində partlayış olubsa, bu, radioaktiv fonun artması ilə müşayət olunmalıdır, hətta ciddi şəkildə radiasiyaya qarşı tədbirlər görülməyə bağlanılmalıdır. Hələlik belə bir məlumat yoxdur".


Azər Qasımov hesab edir ki, İran nüvə sentrafuqalarını başqa bilinməyən yerlərdə gizlədə də bilər:

"Hər halda artıq müharibəyə start verilib. Nə vaxt bitəcəyi isə tərəflərdən birinin geri çəkilməsi ilə əlaqəli olacaq. İran İsrailə raketlər atıb əvvəlki kimi sakitləşə bilər. İsrail də qələbə çaldığını elan etməklə İranı birdəfəlik nüvə silahı əldə etməkdən çəkindirdiyini bəyan edər. Qarşılıqlı zərbələr fonunda bir müddət gözləmək lazımdır ki, kimin üstün olduğu aydın şəkildə tərəflərdən birinə yəqin olsun, hansı ki, bu durumda İran zəif görünür. Hesab edirəm ki, İranın daha çox müqavimət göstərmək imkanları yoxdur. Ona görə də nə qədər tez təslim olsa, bir o qədər az zərərlə bu müharibədən çıxa biləcək".

Süleyman
Seçilən
36
1
newscenter.az

2Mənbələr