İyunun 13-də Suraxanı Rayon İcra Hakimiyyətində 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə, idarə, müəssisə, təşkilat rəhbərləri və nümayəndələri iştirak ediblər.
RİH başçısı Adil Əliyev çıxış edərək bu günün xalqımız üçün əsl qurtuluş tarixi olduğunu vurğulayıb. O, bildirib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında həlledici rol oynadı.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Həmin uğurun bariz nümunəsi Vətən müharibəsində əldə edilən böyük Zəfər və Qələbədir.
Daha sonra çıxış edən Respublikanın əməkdar artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru, rayon ağsaqqallar şurasının sədr müavini Ağalar Bayramov da Ümummilli Liderin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının dövlətçilik tariximizin şanlı səhifəsini təşkil etdiyini qeyd edərək qədirbilən xalqımız tərəfindən böyük xilaskarın xidmətlərinin heç zaman unudulmayacağını bildirib.
Sonda sevilən incəsənət xadimləri - Respublikanın xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan televiziya və radiosunun solisti Zabitə Alıyeva, Azərbaycanın Eurovision təmsilçisi İlkin Dövlətov, sevilən müğənnilər Sahib İbrahimov, Taleh Rəsulov, 9-cu Televiziya Müsabiqəsinin laureatı Cəmil Məmmədovun ifasında bədii hissə təqdim edilib.



