AZ

Bu şəxslər də sertifikasiyadan keçəcək — Deputat detalları AÇIQLADI

Azərbaycanda praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşə bilik və bacarıqlarının qorunub-saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların davamlı peşəkar inkişafının (bundan sonra - DPİ) qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçiriləcək. Sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Mövzu ilə bağlı Demokrat.az-a danışan Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Pərvanə Vəliyeva bildirib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49.1-ci maddəsinə uyğun olaraq Respublikamızda səhiyyə mütəxəssislərinin sertifikasiyası aparılır. Qanun layihəsində həmin qanunun 46, 47, 48, 49-cu maddələrinə dəyişikliklər edilməsi təklif olunur:



“Qanun layihəsində beynəlxalq təcrübəyə istinad olunub. Belə ki, Dünya Tibb Təhsili Federasiyası tərəfindən standartları hazırlanaraq tövsiyə edilən davamlı peşəkar inkişafın (DPİ) tətbiqi təklif olunur. Qanun layihəsində təklif edilən dəyişiklik və əlavələr sertifikasiyadan keçməyin 2 seçim yolunun təklif edir: davamlı peşəkar inkişaf (DPİ) ilə qiymətləndirmə və sertifikasiya imtahanı. 

Sertifikasiyanın həyata keçirilməsi üçün təklif olunan yeni üsul DPİ: Praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan və olmaq istəyən şəxslər davamlı peşəkar inkişaf (DPİ) üsulu ilə elmi, pedoqoji, tədris fəaliyyətləri həyata keçirməlidir. Onlara bu fəaliyyətlərə görə kredit balları veriləcək. Bununla da onlar müvafiq sənədləri əsasında qiymətləndirilərək, kredit balları hesablanaraq şəhadətnamə əldə edə bilərlər. Yəni tibb işçisi praktiki tibb fəaliyyəti ilə yanaşı, elmi fəaliyyətlə də məşğuldursa, Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş tədbirlərdə, konqreslərdə iştirak edir, məqalələri elmi jurnallarda dərc olunursa, bu, ona kredit balı qazandıracaq. 

Həmçinin, ali və ya peşə-ixtisas təhsil müəssisəsində və ya digər mərkəzlərdə tədrislə məşğuldursa, bunun üçün kredit balı veriləcəkdir. Tibb mütəxəssislərini yalnız ixtisasartırma kurslarında iştirakla məhdudlaşdırmayaraq onlara peşəkar inkişaf üçün daha geniş imkanlar yaradır və onları daim öz üzərində işləməyə motivasiya edir. Həmçinin, tibb mütəxəssislərinin beynəlxalq peşəkar mühitə inteqrasiyasına şərait yaradır. 

Millət vəkili bildirib ki, sertifikasiya üçün təklif olunan digər üsul isə sertifikasiya imtahanından keçməkdir:

“Əvvəllər icra qurumunun daxili normativ aktlarına əsasən, Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş tədbirlərdə, konqreslərdə iştirakdan minimum kredit balını toplamayan şəxslər imtahana buraxılmırdılar. Hazırki qanun layihəsi isə sertifikasiya şəhadətnaməsi əldə etmək üçün daha çevik və effektiv yanaşma təklif edir. DPİ üzrə fəaliyyətləri olmayan, elmi, pedoqoji, tədris fəaliyyətləri olmayan və ya bu fəaliyyətlərdən minimum kredit balı toplayan şəxslər də imtahandan keçərək şəhadətnamə ala bilər. 
Praktiki tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan və olmaq istəyən şəxslərin sertifikasiyası Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Hazırki qanun layihəsində bu işin Nazirlik tərəfindən müəyyən edilmiş orqan (quruma) həvalə olunacağı qeyd olunur. Bu da gələcəkdə Nazirliyin sertifikasiya aparılması işini Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinə həvalə edilə biləcəyini istisna etmir”. 

Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
12
1
demokrat.az

2Mənbələr