«Neftçi»nin Giorgos Malekkidisi transfer etmək istəməsindən xəbərdarsız.
Bakılılar sözügedən müdafiəçini sıralarına qatmaq üçün “Apollon”la danışıqlara başlayıb.
«Ağ-qaralar» 27 yaşlı oyunçu üçün Cənubi Kipr klubuna kompensasiya ödəməyə hazırdır. Çünki onun «Apollon»la hələ 2 illik müqaviləsi qüvvədədir.
Keçidin yubanmasının əsas səbəbi elə bundadır.
"Ağ-qaralar"ın 300-350 min avro dəyərində birinci təzminat təklifi Limassol təmsilçisi tərəfindən qəbul olunmayıb. Çünki onlar 550 min avro istəyir.
Bakılılar son olaraq bu rəqəmi bir qədər də artırıb. İndi söhbət 400 min avrodan gedir. Fəqət, kiprlilər göstərilən məbləğə yenə yaxın gəlmir.
Rahatdılar, ona görə. Avropa və Asiyadan Giorgos Malekkidisə maraq göstərənlər heç də az deyil.
Malekkidis Cənubi Kipr yığmasının üzvüdür.
Peşəkar futbolda ilk addımlarını 2014-cü ildə »Aris»də atan futbolçu 6 il sonra Limassol şəhərinin digər komandasına - «Apollon»a üz tutub.
O vaxtdan bəri «Karmiotissa» və «Nea Salamis»da icarədə olub, 2023-cü ilin yayında isə geri qayıdıb.
Cənubi Kiprin U-19 və U-21 yığmalarına dəvət edilib. 2024-cü ildən bəri əsas miliyə çağırılır, hesabında 2 rəsmi oyun var.
27 yaşlı oyunçu son mövsümdə Kipr liqasında 18 oyunda 2 qol və 1 məhsuldara ötürmə ilə yadda qalıb. 190 sm boya malik müdafiəçi Kipr millisində son 1 ildə 6 matçda meydana çıxıb.
«Neftçi» Giorgosun bir komanda yoldaşını artıq rənglərinə bağlayıb. Sessi D Almeydayanı nəzərdə tuturuq. Bakılılar Benindən olan yarımmüdafiəçi ilə 2+1 illik anlaşıb.
SPORTİNFO.AZ