AZ

"İsrailin İrana hücumu: Yaxın Şərqdə gərginlik pik həddədir" - Dünya KİV-ləri 

 
"İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələr beynəlxalq reaksiyalar doğurub: Qərb ehtiyatlı dəstək verir, İslam dünyası isə qəti şəkildə qınayır..."
 
İsrailin 13 iyun gecəsi İranın nüvə obyektlərinə və yüksək rütbəli hərbi şəxslərinə endirdiyi hava zərbələri beynəlxalq aləmdə güclü rezonans doğurdu. Hücum nəticəsində bir neçə nüvə alimi və SEPAH rəhbərlərinin həlak olduğu, İranın nüvə infrastrukturlarına ciddi ziyan dəydiyi bildirilir.
 
Moderator.az xəbər verir ki, bu barədə "obozrevatel.com" nəşri yazıb.
 
İsrail mediası yazır ki, bu əməliyyatın planlaşdırılmasında Ukraynanın "Hörümçək toru" əməliyyatından ilham alınıb: İsrail ordusu İran ərazisində gizli dron bazası yaradaraq zərbələri oradan endirib.
 
İran hücumu "təxribat xarakterli, qanunsuz və planlaşdırılmış aqressiya" adlandıraraq BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib. Tehran "sərhədsiz cavab" və "yeni nəsil silahlarla qarşılıq" vədi verib.
 
Ərəb dünyasından sərt reaksiya
 
İsrailin hücumu ilk növbədə Yaxın Şərqdəki ərəb dövlətlərini qəzəbləndirib. İordaniya və İraq dərhal öz hava məkanlarını xarici təyyarələr üçün bağlayaraq ərazilərinin "döyüş meydanına çevrilməsinə" icazə verməyəcəklərini elan edib.
 
Səudiyyə Ərəbistanı İsrailin hərəkətlərini "İranın suverenliyinə və beynəlxalq hüquqa açıq təcavüz" adlandırıb. Birləşmiş Ərəb Əmirlikləri isə bu hücumun "bölgənin təhlükəsizliyinə birbaşa təhdid" olduğunu bildirib.
 
Oman - ABŞ və İran arasında vasitəçilik edən ölkə İsraili regionda mümkün qarşıdurmalara görə birbaşa məsuliyyət daşıyan tərəf kimi göstərib. Qətər isə İsrailin "İranın təhlükəsizliyini kobud şəkildə təhdid etdiyini" bəyan edib.
 
Livan prezidenti Cozef Aun hücum nəticəsində həlak olan iranlı hərbçilərə görə başsağlığı verərək beynəlxalq ictimaiyyəti İsrailin qarşısını almağa çağırıb.
 
Qərb dövlətlərinin mürəkkəb yanaşması
 
Qərb ölkələri İsrailin özünü müdafiə hüququnu tanıdıqlarını bildirsələr də, bölgədə gərginliyin daha da artmasından narahatlıqlarını gizlətməyib.
 
Norveç xarici işlər naziri Espen Bart Eyde hücumu "çox təhlükəli" adlandıraraq bunun bütün bölgəni alovlandıra biləcəyindən ehtiyat etdiyini bildirib. "İsrail bu addımı təkbaşına atıb, halbuki ABŞ onu ən yüksək səviyyədə bu hücumdan çəkindirməyə çalışıb", - o, qeyd edib.
 
Britaniya baş naziri Kir Starmer və Almaniya kansleri Fridrix Mers bütün tərəfləri təmkinli olmağa və regionda sabitliyi qorumağa çağırıblar. Almaniya əlavə olaraq ölkə daxilində yəhudi və İsrail obyektlərinin təhlükəsizliyini gücləndirdiyini açıqlayıb.
 
Fransa da İsrailin özünü müdafiə hüququnu tanıdığını bildirsə də, hadisənin daha da gərginləşməsinin qarşısını almağa çağırıb.
 
ABŞ prezidenti Donald Tramp isə hadisədən sonra Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. ABŞ ordusu Yaxın Şərqdəki bazalarda fövqəladə vəziyyət planları üzrə hazırlıqlara başlayıb və Amerika vətəndaşlarının təxliyəsi ehtimalı da nəzərdən keçirilir.
 
Çin, Rusiya və Türkiyədən etiraz
 
Çin İsrailin hərəkətlərini "dərin narahatlıq doğuran" hadisə adlandıraraq bölgədə sülh və sabitlik üçün bütün tərəfləri məsuliyyətli davranmağa çağırıb. Rusiya isə İsrailin addımlarını "BMT üzvü olan bir dövlətə qarşı təxribat xarakterli, səbəbsiz hərbi hücum" kimi qiymətləndirib və bu addımın "qəbuledilməz" olduğunu bildirib.
 
Türkiyə isə bəyan edib ki, İsrailin bu hücumu "diplomatik həll istəmədiyini" göstərir və "daha ciddi münaqişələrə yol aça bilər". Pakistan və Şimali Koreya da açıq şəkildə İrana dəstək verdiklərini bəyan edib.
 
Gərginlik arta bilər
 
İsrailin İranın strateji obyektlərinə qarşı həyata keçirdiyi bu kompleks əməliyyat təkcə hərbi yox, həm də diplomatik zəlzələ yaradıb. Ərəb dünyasının sərt qınaqları və Qərbin ehtiyatlı mövqeyi fonunda bölgədə yeni və daha təhlükəli qarşıdurmaların yaranması ehtimalı getdikcə artır. Tehranın cavabı və beynəlxalq ictimaiyyətin onu nə dərəcədə cilovlaya biləcəyi yaxın günlərin əsas sualı olacaq.
Seçilən
5
moderator.az

1Mənbələr