ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İranın nüvə proqramı ilə bağlı yeni razılaşma əldə etmək üçün Tehrana ikinci şans verir.
AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, o bildirib ki, bu dəfə İran rəhbərliyi daha konstruktiv mövqe nümayiş etdirməlidir.
Trampın bu açıqlaması, İsrailin İrana hərbi əməliyyatları fonunda səslənib. Son günlər regionda gərginliyin artması, xüsusilə İranın nüvə fəaliyyətlərini genişləndirməsi və uranı yüksək səviyyədə zənginləşdirməsi İsrail və onun müttəfiqlərini ciddi narahat edir.
Təl-Əviv açıq şəkildə bəyan edib ki, İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcək. Bu məqsədlə İsrail Müdafiə Qüvvələri (IDF) bir neçə ssenari üzrə planlarını reallaşdırmağa başlayıb. ABŞ administrasiyası isə məsələyə diplomatik yanaşmanın üstünlük təşkil etməsini istəsə də, Trampın bəyanatı İran üzərində siyasi təzyiqlərin davam edəcəyindən xəbər verir.