AZ

İsrail-İran müharibəsi: Dollar təhdid altındadır

İsrailin İrana qarşı həyata keçirdiyi hava zərbələri fonunda dolların "təhlükəsiz liman" statusu sual altına düşüb. 

Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, əgər bu hücumlar daha genişmiqyaslı qarşıdurmaya yol açarsa, ABŞ valyutası üçün bu, ciddi sınağa çevriləcək.

Məlumata görə, İsrailin İranda müəyyən hədəfləri vurduğu xəbəri yayıldıqdan sonra dolların dəyəri ilkin olaraq düşüb, lakin sonra əksər əsas valyutalara qarşı bir qədər güclənib. ABŞ-ın dünyanın ən böyük neft istehsalçısı olması bu möhkəmlənməyə səbəb kimi göstərilir.

Buna baxmayaraq, Bloomberg Dollar İndeksi cümə axşamı son üç ilin ən aşağı səviyyəsinə enib. Bu, əsasən ABŞ iqtisadiyyatının zəifləyən perspektivləri və gömrük rüsumlarının artımı ilə bağlı narahatlıqlarla əlaqələndirilir.

"Dollar və yen kimi aktivlərin "təhlükəsiz liman" statusu iqtisadi sabitlik, likvidlik və etibarlılıq kimi üç dayağa əsaslanır. Bu il dolların zəifləməsi hər üç dayaqda çatların yarandığını göstərir", deyə "Vantage Markets" analitiki Hebe Çen bildirib.

İlin əvvəlindən bu yana Bloomberg Dollar İndeksi təxminən 8% dəyər itirib. Analitiklər bunu ABŞ prezidenti Donald Trampın dünya ticarətini yenidən qurmaq səyləri ilə əlaqələndirirlər. Sözügedən səylər investorların ABŞ iqtisadiyyatının gələcəyinə olan inamını sarsıdıb. Gözlənilən vergi qanunvericiliyinin federal büdcə kəsirini on il ərzində trilyonlarla dollar artıracağı, həmçinin ABŞ-ın təhlükəsizlik və beynəlxalq alyanslardakı rolunun da sual altına düşdüyü bildirilir.

13 iyun cümə günü Asiya birjalarında dollar indeksi 0,4% artıb. Yapon yeni isə dalğalanmalar yaşayıb, İsveçrə frankı 0,1% bahalaşıb. Apreldə rekord səviyyəyə çatan qızıl 1,7% dəyər qazanıb. ABŞ xəzinə istiqrazlarının qiymətində də cüzi artım müşahidə olunub.

13 iyun tarixində İsrail İranda yerləşən hərbi və nüvə obyektlərini hədəfə alaraq hava zərbələri endirib. Bu hadisənin ardından neft qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb.

Enerji məsələləri üzrə ekspert Mixail Qonçarın fikrincə, enerji daşıyıcılarının qiymətinin gələcəkdə necə dəyişəcəyi Yaxın Şərqdəki vəziyyətdən, OPEC+ ölkələrinin reaksiyasından və ABŞ, Çin və Avropa İttifaqının strateji ehtiyatlarının vəziyyətindən asılı olacaq.

Paşa Məmmədli

Seçilən
23
valyuta.az

1Mənbələr