Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana hücumunu sərt şəkildə qınayaraq qeyd edib ki, İsrail administrasiyası bütün regionu və dünyanı fəlakətə sürükləməyə çalışır.
AFN.az xəbər verir ki, bu barədə o X hesabında yazıb. “İsrailin qonşumuz İranı hədəf alan hücumları beynəlxalq hüququn açıq şəkildə pozulması və birbaşa təxribatdır. İsrailin baş naziri Benyamin Netanyahunun administrasiyası məsuliyyətsiz, aqressiv və qanunsuz hərəkətləri ilə regionumuzu və bütün dünyanı fəlakətə sürükləməyə çalışır. Beynəlxalq ictimaiyyət qlobal və regional sabitliyi pozmağa yönəlmiş İsrail banditizminə son qoymalıdır,” – deyə Ərdoğan bildirib.
Türkiyə lideri qeyd edib ki, bu hücumlar İranın nüvə proqramı ilə bağlı danışıqların fəallaşdığı, həmçinin Qəzzaya qarşı qeyri-insani hərəkətlərlə bağlı beynəlxalq təzyiqlərin artdığı bir dövrdə baş verir: "Heç bir qayda tanımayan İsrail düşüncə tərzini nümayiş etdirir. Bütün regionu od-alova bürüyən Netanyahu və onun qətl şəbəkəsinin hücumlarının qarşısı alınmalıdır. Biz Yaxın Şərqdə daha çox qan, dağıntı və münaqişə görmək istəmirik. Türkiyə, qonşumuz İranı hədəf alan bu iyrənc hücumları qəti şəkildə pisləyir”.