AZ

Türkiyə: İsrailin İrana qarşı hücumları  qlobal sülhə təhdiddir

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsrail Hərbi Hava Qüvvələrinin İrana endirdiyi zərbələri pisləyib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumatda bildirilib ki, Yaxın Şərqdə daha çox qan və dağıntı görmək istəmirik. Beynəlxalq ictimaiyyəti müharibənin yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq. Bu, İsrailin regionda strateji sabitliyi pozmaq siyasətinə xidmət edən bir təxribatdır.

Ankara xəbərdarlıq edib ki, hücumların vaxtı İsrail hökumətinin diplomatiyaya maraq göstərmədiyini nümayiş etdirir.

“Hücumların vaxtı göstərir ki, Netanyahu hökuməti heç bir məsələni diplomatiya yolu ilə həll etmək istəmir və öz maraqları naminə regional sabitlik və qlobal sülhü riskə atmağa hazırdır”, -deyə məlumatda vurğulanıb.

Nazirlik İsraili hərbi əməliyyatlarını dərhal dayandırmağa çağıraraq bildirib ki, İsrail dərhal daha çox münaqişəyə səbəb ola biləcək aqressiv hərəkətlərini dayandırmalıdır.

Türkiyənin regionda daha çox qan tökülməsinə qarşı mövqeyi bir daha vurğulanıb, beynəlxalq ictimaiyyət hərəkətə keçməyə çağırılıb.

“Yaxın Şərqdə daha çox qan tökülməsi və dağıntı görmək istəmədiyimizi bir daha bəyan edirik. Biz beynəlxalq ictimaiyyəti müharibənin yayılmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq”, -deyə məlumatda qeyd edilib.

“İsrailin hücumu bütün dünyaya təhdiddir”

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz da İsrailin hücumlarını qınayıb, qanunsuz və təxribat xarakterli adlandırıb.

Yılmaz “X” hesabında etdiyi paylaşımda deyib: “İrana hücum etməklə İsrail qanunsuz və təxribat xarakterli hərəkətlərinə daha birini əlavə edib. Biz Netanyahu administrasiyasının heç bir qanuni əsaslandırması olmayan və regionu qeyri-sabitləşdirmək məqsədi güdən təcavüzünü qətiyyətlə qınayırıq. Həyatını itirənlər üçün İrana başsağlığı veririk.

İsrailin Qəzzadakı soyqırım siyasətinə qarşı beynəlxalq təzyiqlərin artdığı və İranla nüvə danışıqlarının davam etdiyi bir vaxtda bu hücum humanitar dəyərləri və diplomatiyanı nəzərə almayan barbar bir mövqeyi əks etdirir.

Bütün beynəlxalq qurumlar və aidiyyəti ölkələr İsrailin humanitar dəyərləri, beynəlxalq hüququ və regional sabitliyi təhdid edən hərəkətlərinə qarşı daha güclü mövqe tutmalıdırlar”.

“Nüvə alimləri öldürüldü”

“Qəzzadakı soyqırım kampaniyasına qarşı artan beynəlxalq təzyiq fonunda İsrail yenidən diqqəti yayındırmaq üçün yeni bir hücum həyata keçirib” deyə AK partiyanın sözçüsü Ömər Çelik bildirib.

ABŞ və İran arasında danışıqların davam etdiyi bir vaxtda bu hücumun həyata keçirilməsi “İsrailin bütün diplomatik səylərə düşmən olduğunu bir daha göstərdi” -deyə o əlavə edib.

Ömər Çelik onu da deyib ki, İsrailin təcavüzü bütün dünya üçün təhdiddir. Beynəlxalq ictimaiyyət buna qarşı birgə konkret tədbirlər görməlidir.

Qeyd edək ki, İsrail iyunun 13-də səhər İrana qarşı genişmiqyaslı hərbi əməliyyat həyata keçirib, 200 təyyarə İranın nüvə proqramını və uzun mənzilli raket imkanlarını hədəf alıb. Hücum nəticəsində yüksək rütbəli hərbi rəsmilər və nüvə alimləri öldürülüb.

Seçilən
39
veteninfo.az

1Mənbələr