AZ

Ermənistanın “balans oyunu”: Moskvanın kölgəsində qərbə baxış

Ermənistan Rusiya qoşunlarının ölkə ərazisindəki mövcudluğunu sona çatdırmaq niyyətində deyil. Bu barədə baş nazir Nikol Paşinyan bildirib.
O qeyd edib ki, Rusiya ilə mövcud hərbi əməkdaşlıq razılaşmaları qüvvədədir və hazırda bu məsələ gündəmdə deyil.
Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin 102-ci bazası Ermənistanın Gümrü şəhərində yerləşir.

Politoloq Tural İsmayılov Sherg.az-a deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya qoşunlarının ölkə ərazisində qalmasına dair mövqeyi İrəvanın təhlükəsizlik siyasətindəki ikili yanaşmanın davam etdiyini göstərir:

"Rəsmi İrəvan son illərdə Qərblə münasibətləri genişləndirməyə çalışsa da Rusiya ilə hərbi ittifaqdan tam imtina etməyə siyasi iradə ortaya qoya bilmir. Bu, Ermənistanın geosiyasi oriyentasiyada tam qərar verə bilmədiyini sübut edir. Faktiki olaraq, Paşinyan hökuməti eyni anda həm Qərbin dəstəyini qazanmağa, həm də Rusiyanın narazılığını minimuma endirməyə çalışır. Rusiya isə Ermənistan üzərindəki hərbi və siyasi təsir imkanlarını qorumaqda maraqlıdır. 102-ci baza hələ də Moskvanın Cənubi Qafqazda fiziki varlığının rəmzidir və bu amil Rusiya üçün strateji əhəmiyyət daşıyır. Ermənistanın bu mövqeyi onun real təhlükəsizlik arxitekturasının hələ də xarici qüvvələrə bağlı olduğunu ortaya qoyur. Digər tərəfdən, Paşinyanın açıqlaması göstərir ki, Ermənistan hələ də daxili sabitliyi və müdafiə qabiliyyətini yalnız xarici aktorlar vasitəsilə təmin edə biləcəyinə inanır. Bu isə suverenliyə dair fundamental suallar doğurur. Regional təhlükəsizlik sisteminin davamlılığı üçün dövlətlərin öz hərbi və institusional dayanıqlığı vacibdir".

Analitik əlavə edib ki, Ermənistanın Rusiya qoşunlarına arxalanması onun regiondakı yeni reallıqlara hələ də uyğunlaşmadığını göstərir:
"Rusiya isə bu vəziyyətdən istifadə edərək Ermənistanı qərar verməkdən çəkindirən əsas oyunçuya çevrilir. Bu, Cənubi Qafqazda sabitlik üçün arzuolunan yanaşma deyil.
Ermənistan balans siyasəti adı altında qeyri-müəyyənlik içində hərəkət edir. Bu qeyri-müəyyənlik uzunmüddətli perspektivdə Ermənistanın manevr imkanlarını daha da daralda bilər".
Seçilən
13
1
sherg.az

2Mənbələr