ATİB üzvlərinə QDF-in layihələri və tərəfdaşlıq imkanları təqdim olundu - FOTO
İyunun 12-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) növbəti ənənəvi işgüzar səhər yeməyi baş tutub. İşgüzar görüşdə Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri Olqun Amcaoğlu, millət vəkili Vüqar Bayramov, ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova, Türkiyə səfirliyinin ikinci katibi Levent Kızılbağlı, səfirliyin ticarət baş müşaviri Murat Yaman, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyinin müşaviri Ulaş Kıvılcım, ATİB-in İdarə Heyətinin və Birliyin üzvləri iştirak ediblər. ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Birliyin üzv qurumları arasında qarşılıqlı əlaqə və strateji əməkdaşlığın inkişafına yönəlmiş tədbirlərin əhəmiyyətini qeyd edərək, bu kimi təşəbbüslərdə dövlət qurumlarının, özəl sektorun iştirakının sahibkarlıq mühitinin inkişafına, davamlı və dayanıqlı olmasına mühüm töhfə verdiyini vurğulayıb. Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Şimali Kipr Türk Respublikasının iqtisadiyyat və enerji naziri Olqun Amcaoğlu, millət vəkili Vüqar Bayramov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyəti sədrinin müşaviri Rəşad Qasımzadə çıxışlarında ATİB-in “bir millət, iki dövlət” şüarı altında üzv şirkətlərə bərabər imkanlar təqdim etməsi və regional iqtisadi fəallığın artırılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndiriblər. Natiqlər bildiriblər ki, bu təşəbbüslər Azərbaycan-Türkiyə əlaqələrinin daha da möhkəmlənməsinə, eləcə də geniş türk dünyasında ticarət və investisiya sahələrinin inkişafına əhəmiyyətli dəstək verir. Tədbir çərçivəsində Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova Fondun maliyyə dəstəyi göstərdiyi və həyata keçirdiyi layihələrlə bağlı geniş təqdimatla çıxış edib. Təqdimat zamanı qurumların/şirkətlərin əməkdaşları arasında ianəçilik mədəniyyətinin təşviq olunması, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq proseslərində dövlət-özəl tərəfdaşlığının rolu, birgə əməkdaşlıq imkanlarının vacibliyi diqqətə çatdırılıb. Pərvin Bağırova Fondun fandreyzinq layihələri və ianə imkanları barədə ətraflı məlumat verib (https://qdf.gov.az/iane-imkanlari/). Xüsusilə 26 iyun 2025-ci il tarixində “Qarabağ Gecəsi” adlı növbəti xeyriyyə konsertinin keçiriləcəyini diqqətə çatdıran Pərvin Bağırova hər kəsi bilet alaraq işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə dəstək olmaları üçün çağırış edib (biletləri əldə etmək üçün https://iticket.az/events/concerts/karabakh-night-charity-concert010/157313). Görüşün sonunda korporativ könüllülük prinsiplərinin təşviqi, əməkdaşların bilik, bacarıq və resurslarının sosial fayda naminə yönləndirilməsi, eləcə də bu istiqamətdə ictimai maraqlı təşəbbüslərin stimullaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Sonda Azərbaycan-Türkiyə İş Adamları Birliyinin sıralarına yeni qoşulmuş üzvlərə üzvlük plaketləri təqdim edilib.