AZ

Depozit, yoxsa istiqraz? – Biri sərfəlidir, digəri riskli

“İstiqrazla depozit arasında fərqin əsas səbəbi, depozitlərin sığortalanmasıdır. İstiqraz buraxanın riski ilə depozit qəbul edənin riski eyni deyil. Hətta sığortalanmayan hissəni banka qoysaq, onun riski belə istiqrazdan daha azdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. O, bildirib ki, bəzi kiçik və riskli təşkilatlar pul cəlb edə bilmək üçün  istiqrazları daha yüksək faizlə vəd edir:

“Depozitlər sığortalanır və bankın başına bir iş gələrsə, hökumət bunu vətəndaşlara geri qaytarır. 100 min manat və 12 faizə qədər olan bütün depozitlər sığortalanır. Əslində, depozitlərin də faizində artım var. Bir neçə il öncə depozitlər 8-9 faiz olduğu halda, indi 11-12 faizdir. İstiqrazla depozit arasında fərqin əsas səbəbi isə, depozitlərin sığortalanmasıdır. İstiqraz buraxanın riski ilə depozit qəbul edənin riski eyni deyil. Hətta sığortalanmayan hissəni banka qoysaq, onun riski belə istiqrazdan daha azdır. İstiqrazlar adətən 12-15 faizlə buraxılır. Amma bəzi kiçik və riskli təşkilatlar pul cəlb edə bilmək üçün daha yüksək faiz vəd edir”. 

Ekspert qeyd edib ki, istiqrazlarda heç bir sığortalanma yoxdur:

“İnvestorlar buradakı riskləri nəzərə almalıdır. Ən azından, investisiya qoyduğu təşkilatı tanımalıdır. Çünki istiqrazlarda heç bir sığortalanma yoxdur. Bank şəffafdır və korperativ qaydalarla idarə olunur. Həmçinin bankların üzərində Mərkəzi Bankın nəzarəti var. Amma istiqraz buraxan digər təşkilatlar üzərində bu cür tənzimləmələr yoxdur. Vətəndaş bilməlidir ki, daha çox gəlir olan yerdə daha çox risk olur. Depozitlərin faizlərinin qalxması ilə bağlı gözlənti yoxdur. Çünki əmanət depozitlərin sığortalanma mexanizmi depozit faizlərinin daha da qalxmasının qarşısını alır. Vətəndaşlar düşünür ki, 13 faizlə sığortasız qoymaqdansa, 12 faizlə sığortalı qoymaq daha sərfəlidir”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
30
2
yenisabah.az

3Mənbələr