AZ

Keçmiş səfir: Çin və Rusiyanın İranın yanında duracağına inanmıram

Keçmiş

İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani İsrailin bu gecə İrana qarşı həyata keçirdiyi hücumdan danışıb.

Əfşar Süleymani “Reytinq” qəzetinə müsahibəsində deyib ki, əslində beynəlxalq sistem yoxdur, daha doğrusu, bu, güc əsasında qurulub:

- BMT, onun Təhlükəsizlik Şurasını indi o qədər də saymırlar. Qərb ölkələri - Amerika başda olmaqla, indi ədalət və sülh məsələlərinə baxmırlar. Sözsüz ki, İrana son hücumu İsrail Amerikanın və Trampın “yaşıl işıq” yandırması ilə həyata keçirib və bu göz qabağındadır. Prezident Donald Tramp bunu etiraf edərək deyib ki, “biz bu işə qoşulmadıq, amma bizim xəbərimiz var idi, bizə demişdilər”.

- İki gündən sonra Omanda ABŞ və İran diplomatları arasında növbəti müzaklirələr gözlənilirdi. İsrailin hücumu danışıqlar prosesini pozubmu?

- Bu hücum ABŞ və İran nümayəndələri arasında iki gün sonra keçiriləcək görüşdən əvvəl baş verib. Bu göstərir ki, Amerika özü bu işi görüb ki, danışıqlar olmasın. İran tərəfi isə elan edib ki, danışıqlarda iştirak etməyəcək.

İkincisi, dünən MAQATE rəhbərliyi bəyanat verərək İranı ittiham edib. Bundan sonra hücumun baş verməsi göstərir ki, qeyd etdiyim məqamlar bir-birilə bağlıdır. Yəni bunlar öncədən bir proqram hazırlayıblar ki, İranı sıxışdırsınlar. Ehtimal edirəm ki, İsrailin məlum hücumunu qurulan planın ən yüksək səviyyəli mərhələsi sayırlar.

- Hazırda İran hansı ölkədən dəstək gözləyir?

- İndiki dövrdə hansısa dövlətlərin İrana yardım edəcəyini gözləmirəm. İranın yanında hansısa dövlətin dayanacağına inanmıram. Məsələn, Çin və Rusiya sözdə İranın yanında dururlar, güman etmirəm ki, əməldə bir iş görsünlər. Bütün ölkələr öz milli maraqları kontekstində hərəkət edirlər, üstəlik, Amerika ilə əlaqələri var. Özəlliklə Rusiya Ukrayna məsələsi ola-ola İranın yanında dayana bilməz. Heç Ukrayna məsələsi olmasa da, dayanmazdı və mən buna qəti əminəm.

Başqa ölkələr də İrana hücumu pisləyiblər, amma bundan o yana keçməyiblər. Yəni İranın arxasında durmazlar, İran üçün iş görməzlər və İsrailə bir güllə belə atmazlar. Odur ki, beynəlxalq sistemin indiki vəziyyətində məncə, bir qədər düşünmək lazımdır.

Əlbəttə, İran bu hücumun cavabını verəcək, amma mən bunun necə olacağını bilmirəm, çünki hərbi sahənin mütəxəssisi deyiləm.

- Hesab edirsiniz ki, beynəlxalq ictimai rəy, dövlətlərin reaksiyası vacibdir?

- Fransa elan edir ki, “əgər İran cavab verərsə, biz İsrailin özünümüdafiə hüququnu tanıyacağıq”. Yəni İrana hücumu pisləmir, əvəzində İsrailə haqq qazandırırlar.

ABŞ elan edir ki, İran cavab versə, İsrailə kömək edəcək. Onsuz da kömək edir, amma bu dəfə başqa cür dəstək verəcək - özü də prosesə daxil olacaq.

Amerika ildə İsrailə 4 milyard dollar yardım edir, silah-sursat verir.

Müsəlman ölkələrinin əllərindən bir iş gəlmir. Əgər gəlsəydi Qəzza məsələsində görünərdi.

İsrail indi Orta Şərqdə at oynadır və heç kim də ona söz deyə bilmir. Qəzzanı yerlə-yeksan edib, 60 min insanı öldürüb, Livana hücum edir, Suriyada əməliyyat aparır və s. Beynəlxalq məhkəmə İsrail baş naziri Netanyahunu cəzalandırmaq istəyib, Amerika bunun qarşısını alıb, məhkəmə hakimlərinə, prokurorlara sanksiyalar tətbiq edir və s. Real durum budur. Təbii ki, beynəlxalq hüquq yoxdur, işləmir.

- Sizcə, çıxış yolları tam qapanıbmı?

- Mən politoloq və şərhçi kimi təklif edirdim ki, İran Amerika ilə məsələlərini çözərdi və bununla bir növ Amerikanı İsraildən uzaqlaşdırardı. Yəni Amerikanın maraqları var. Müsəlman ölkələri də bu məsələyə qoşulmalıdır. İndi ABŞ və İsrail faktiki birdirlər, İran isə tək qalıb. Qeyd etdiyim kimi, beynəlxalq sistem indi haqq və hüquq məsələlərinə öməm vermir, güc faktoru önə çıxır. Hər şey edirlər və heç kim də bu məsələlərə baxmır, demir ki, belə olmaz.

- İranın cavab tədbirləri nədən ibarət olacaq?

- Sözsüz ki, İran bu hücuma cavab verəcək, amma qarşı tərəfdən də yeni reaksiyalar olacaq. Biz ümid edirik ki, hücuma layiqli şəkildə qarşılıq veriləcək.

E. KAMAL
Reyting.az

Seçilən
15
1
reyting.az

2Mənbələr