Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycanın müstəqillik tarixində elə önəmli günlər var ki, bu tarixlər təkcə bir siyasi hadisənin ildönümünü deyil, bütöv bir millətin dirçəlişini, bir dövlətin xilası və gələcəyinin təmin olunmasını simvolizə edir. Məhz belə günlərdən sayılan 15 İyun – Milli Qurtuluş Günü tariximizin ən önəmli dönüş nöqtələrindən biridir. Bu gün yalnız bir siyasi liderin yenidən hakimiyyətə qayıdışı deyil, müstəqil Azərbaycanın dövlətçilik iradəsinin bərqərar olduğu, parçalanmaq üzrə olan bir dövlətin milli lider ətrafında birləşərək yeni mərhələyə qədəm qoyduğu gündür.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O xatırladıb ki, 1991-ci ildə tarixi fürsətdən yararlanan Azərbaycan SSRİ-nin süqutu fonunda müstəqilliyini elan etdi. Lakin bu müstəqillik ilk illərində yalnız formal xarakter daşıyırdı. Dövlət idarəçiliyi praktiki olaraq iflic vəziyyətdə idi. Cəmiyyət xaos, parçalanma, daxili çəkişmələr və dərin sosial-iqtisadi böhran içində idi. Ermənistanın təcavüzü nəticəsində ərazilərimiz işğal edilmiş, ordu pərakəndə halda, siyasi rəhbərlik isə xalqla əlaqəsini itirmişdi. Ən təhlükəlisi isə o idi ki, xalqın gələcəyə inamı sarsılmışdı.
“Belə bir ağır və kritik məqamda xalq ümidini yeganə siyasi liderə - Ulu Öndər Heydər Əliyevə bağladı. 1993-cü ilin iyununda xalqın təkidli çağırışı ilə Naxçıvanda yaşayan Heydər Əliyev Bakıya dəvət olundu və iyunun 15-də Milli Məclisin - ozamankı Ali Sovetin Sədri seçilərək faktiki olaraq siyasi rəhbərliyə qayıtdı. Bu qayıdış Azərbaycan tarixində xilaskarlıq missiyası kimi dəyərləndirilir. Çünki bu hadisədən sonra ölkədə dövlət idarəçiliyi bərpa olundu, sabitlik və hüquqi norma əsaslı idarəçilik tətbiq edilməyə başlandı, vətəndaş qarşıdurmasının qarşısı alındı və ölkə dağılmaqdan xilas edildi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qısa zamanda dövlətçilik təfəkkürü formalaşdırıldı. Onun təşəbbüsü ilə, yeni Konstitusiya qəbul edildi, neft strategiyasının əsası qoyularaq xarici sərmayələr cəlb olundu, ordu quruculuğu sistemli və məqsədyönlü şəkildə aparıldı, milli həmrəylik və siyasi sabitlik bərpa edildi. Bu tədbirlər bir yerdə Azərbaycanı parçalanma təhlükəsindən çıxararaq inkişaf yoluna yönəltdi. Ulu Öndər özü də dəfələrlə bildirirdi ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha məsuliyyətli və çətin bir vəzifədir. Məhz bu fikrin parlaq təzahürünü 15 İyun – Milli Qurtuluş Günündən sonrakı illərdə görmək mümkündür”, - deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, bu gün artıq tarix sübut edir ki, 15 İyun – Azərbaycanın gələcək Zəfərinin başlanğıc nöqtəsi olub. 1993-cü ildən başlayan sabitlik və inkişaf siyasəti nəticəsində Azərbaycanın iqtisadiyyatı güclənib, beynəlxalq nüfuzu artıb, ordusu modernləşib. Bu dövlət modeli 2020-ci ildə özünü tam təsdiqləyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı 44 gün ərzində azad edib. Bu Zəfər təkcə hərbi uğur deyil, bu, 27 illik strateji dövlət quruculuğunun nəticəsidir.
“Bu günün əsas çağırışı ondan ibarətdir ki, xüsusilə gənc nəsil Milli Qurtuluş Gününün əsl mahiyyətini dərk etməlidir. Müstəqillik yalnız bayrağımızın, gerbimizin mövcudluğu ilə deyil, xalqın dövlətə inamı, qanunların işləməsi və lider ətrafında birliyin təmin olunması ilə ölçülür. 15 İyun bu dəyərlərin bərqərar olduğu gündür. Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin əsasını qoyduğu siyasi kursu qətiyyətlə davam etdirir. Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən Böyük Qayıdış, ölkənin regional güc mərkəzinə çevrilməsi, Türk Dövlətləri Təşkilatında fəallığı, COP29 kimi qlobal tədbirlərə ev sahibliyi – bütün bunlar 1993-cü ildən etibarən atılan təməl daşlarının nəticəsidir”, - deyə Vüqar İskəndərov vurğulayıb.
Deputat əlavə edib ki, 15 İyun təkcə keçmişin qəhrəmanlıq səhifəsi deyil, həm də gələcəyin açarıdır. Bu tarix bizi həm Vətənə, həm də dövlətə qarşı məsuliyyətli olmağa çağırır. Qurtuluşun ruhu yalnız xatirələrdə deyil, bu gün gördüyümüz quruculuqda, sabitlikdə və inkişafda yaşayır. Bu gün Azərbaycan güclüdür, çünki onun möhkəm təməlləri, sarsılmaz ideoloji dayaqları və milli birliyi var. Bu gün biz yalnız Qurtuluşumuzu deyil, həm də öz gələcəyimizi qeyd edirik.