AZ

Cəlal Hüseynov daha Azərbaycana qayıtmaq istəmir

BAKI, 13 iyun. TELEQRAF

“İstəyim Bolqarıstanda yerimi möhkəmlətmək və daimi əsas heyət üzvünə çevrilməkdir. Çalışacağam ki, Avropada qalıb Azərbaycana qayıtmayım”.

Bunu Teleqraf-a açıqlamasında “Şamaxı”da icarə müddəti başa çatdığı üçün Bolqarıstanın “Arda” klubuna qayıdan Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov deyib.

2024/2025 mövsümünün ikinci yarısında “şirlər”in formasını geyinmiş 22 yaşlı müdafiəçi performansını yüksəldərək Avropa klublarında çıxış etməyi hədəflədiyini deyib: “Avqustun sonuna qədər hansısa təklif olarsa, dəyərləndirə bilərəm. Azərbaycan klublarından məni istəyənlər vardı. Amma öz komandam var. Hazırda əsas məqsədim "Arda" ilə birlikə Konfrans Liqasında uğurla çıxış etməkdir”.

Hüseynov yenidən Azərbaycana qayıtmaq düşüncəsində olmadığını vurğulayıb: “Azərbaycana oynamaq üçün gəlmişdim. Gedib “Arda”da əsas heyət oyunçusu olacağammı, onu bilmirəm. İki il öncə “Azərbaycana gələcəksən?” deyə soruşsaydılar, "yox, elə şey olmaz" cavabını verərdim. Amma futboldur, hər an hər şey ola bilər. Belə şeylər istisna deyil. Mənim fikrim isə geri qayıtmamaqdır. İyunun 20-də Bolqarıstana gedəcəyəm”.

O, “Şamaxı”dakı 6 ayın karyerası üçün məhsuldar keçdiyini qeyd edib: “Bura qayıdıb formamı yığdım. Ayxan Abbasova “çox sağ ol” deyirəm ki, mənə güvəndi, formada olmasam belə, şans tanıdı. Düşünürəm ki, mən də onun güvəninini boşa çevirmədim. İlk vaxtlar vəziyyət yaxşı deyildi, amma sonradan toparlandım. Müsbət dəyrləndirə bilərəm ki, komandamız Premyer Liqada qaldı. Həmçinin, milliyə dəvət alaraq, əsas heyətdə oynamağım karyeram üçün böyük addım oldu”.

Qeyd edək ki, Cəlal Hüseynov 2023-cü ildə “Zirə”dən “Arda”ya transfer olunub.

Seçilən
9
teleqraf.com

1Mənbələr