Gəncə, 13 iyun, Elcan Məmmədov, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəhbərliyi ilə “Agro Dairy” şirkətinin nümayəndə heyəti arasında növbəti görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən universitetin rektoru Zəfər Qurbanov ADAU-nun gələcəyin dayanıqlı kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsində ölkənin aparıcı aqrar şirkətlərindən olan “Agro Dairy” ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Qeyd olunub ki, uzun illərdir davam edən əməkdaşlıq gündən-günə daha şaxələndirilir.
“Agro Dairy” şirkətinin Bitkiçilik bölməsi üzrə idarəedici direktoru Ramil Məmmədov deyib ki, şirkət ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması və ixtisaslaşmış kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsi üçün Dövlət Aqrar Universiteti ilə əməkdaşlıqda maraqlıdır.
Sonra tələbələrin təcrübə, tədqiqat və digər məsələlər üzrə perspektiv imkanlardan danışılıb.
Azərbaycan Dövlət Aqrar Universiteti ilə “Agro Dairy” şirkəti arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Görüşdən sonra “Agro Dairy” şirkətinin əməkdaşları bir qrup ADAU tələbəsi ilə görüşüb. Tələbələrə şirkətin fəaliyyəti haqqında məlumat verilib, sualları cavablandırılıb. Sonda fəallığı ilə seçilən tələbələrə hədiyyələr təqdim olunub.