BAKI, 13 iyun. TELEQRAF
Vətəndaşlar "myGov" platformasına inteqrasiya olunmuş onlayn növbə sistemi vasitəsilə Mərkəzi Banka getmədən növbə əldə edə biləcək.
Bu barədə Teleqraf-a Mərkəzi Bankdan məlumat verilib.
Bildirilib ki, vətəndaş tərəfindən sistemin “Yeni rezervasiya” bölməsinə Mərkəzi Banka gedəcəyi tarix, zaman və əlaqə nömrəsi daxil edilməlidir. Vətəndaş təyin olunmuş qəbul tarixi və saatında Mərkəzi Bankda aidiyyəti üzrə “Qəbul otağı”na gələrək öncədən əldə etdiyi SMS təsdiq kodunu növbəlilik sisteminə daxil edir və sistem tərəfindən ona sıra nömrəsi təqdim olunur. Həmin sıra nömrəsinə uyğun olaraq Mərkəzi Bankın məsul əməkdaşı ilə görüş təmin olunur.
Vətəndaş həmçinin "myGov" platforması vasitəsilə əldə olunmuş onlayn növbəni “Rezervasiyanın ləğvi” bölməsi vasitəsilə ləğv edə bilər.
Qeyd edək ki, cari ilin aprel ayından etibarən müraciətlərin operativ qaydada qəbulu və cavablandırılması məqsədilə "myGov" platforması vasitəsilə Mərkəzi Banka elektron müraciətlərin göndərilməsi təşkil olunub.