AZ

“Israel Aerospace Industries” şirkəti 250-ci çoxməqsədli radarını təhvil verib

“Israel Aerospace Industries” (IAI) şirkətinin “Elta Group” törəmə şirkəti tərəfindən istehsal olunan 250-ci çoxməqsədli radarı (multi-mission radar – MMR) təhvil verilib.

“Poliqon” IAI-yə istinadən xəbər verir ki, bu radar sistemi təxminən iki il əvvəl – 2023-cü ilin oktyabrın 22-də başlayan münaqişədən bəri İsraili raket hücumlarından xəbərdar etmək üçün istifadə olunub.

Bildirilib ki, bu MMR radarları dünyada ən çox istifadə olunan radar sistemləridən biri sayılır və İsrailə qarşı havadan gələn bütün təhdidlərin aşkarlanması, təsnifatı və onlara qarşı müdafiə sistemlərinin istiqamətləndirilməsi işində əsas rol oynayır. Bu radarlar həmçinin İsrailin müttəfiqləri tərəfindən də oxşar məqsədlərlə istifadə olunur. Bu günədək, İsrailə qarşı həyata keçirilmiş on minlərlə hava hücumu cəhdi sözügedən radarlar vasitəsilə aşkarlanaraq qarşısı alınıb.

IAI şirkətinin prezidenti və baş direktoru Boaz Levi, MMR radarları ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, IAI-nin MMR radarları İsrailin bütün əsas hava hücumundan müdafiə sistemlərinin mərkəzi hissəsidir və bu sistem öz effektivliyini və dəqiqliyini dəfələrlə sübut edərək bir çox insanın həyatını xilas edib: “Mövcud müharibə zamanı biz IAI-nin müdafiə sistemlərinin istehsal gücünü sürətləndirdik və İsrailə, həmçinin dünyanın müxtəlif ölkələrindəki müştərilərimizə insan həyatını qorumaq üçün ən qabaqcıl texnoloji həll təqdim etdik. Biz dünya üzrə müttəfiqlərimizlə yaratdığımız əməkdaşlıqlarla fəxr edirik, çünki bu əməkdaşlıqlar mövcud və gələcək təhdidlərə qarşı müdafiədə bilik və texnologiyanın paylaşılmasının nə qədər vacib olduğunu sübut edir”.

İsraildə və dünyada IAI-nin çoxməqsədli radarları dörd əsas hava hücumundan müdafiə sisteminin – “Barak MX”, “Iron Dome”, “David’s Sling” və “Spyder” mərkəzi komponentlərindən biridir. Radar 2009-cu ildə istismara verilib. Bu vaxtadək Avropa, Şimali Amerika, Asiya, Cənubi Amerika və Afrikadakı 20-dən çox ölkəyə satılıb və satışların ümumi dəyəri 7 milyard ABŞ dollarını keçib. Bu radarı NATO daxil olmaqla, yerli komanda və idarəetmə sistemlərinə inteqrasiya etmək mümkündür.

Süni intellekt və maşın öyrənməsi imkanları ilə birləşdirilmiş bu radar eyni anda yüzlərlə fərqli təhdidi – ballistik və qanadlı raketləri, pilotsuz uçuş aparatlarını, dronları və raketləri aşkarlaya, təhlil edə və onlara qarşı uyğun müdafiə vasitəsini istiqamətləndirə bilir. Təkmil izləmə imkanları sayəsində radar, aşağı iz buraxan hədəfləri də müəyyən etməklə yüksək dəqiqliklə etibarlı hava vəziyyəti təsviri təqdim edir.

Hava təhdidlərinin təkamülü və müasir döyüş meydanının dəyişən xarakteri hava aşkarlama və müdafiə sistemləri üçün yeni və mürəkkəb çağırışlar yaradıb. Aşağı iz buraxan silahların istifadəsinin genişlənməsi, pilotsuz və havadan idarə olunan vasitələrin, süzən sursatların, qanadlı raketlərin və təkmilləşdirilmiş ballistik imkanların artması daha yaxşı aşkarlama, təsnifat, identifikasiya, dəqiq hava təsviri işinin aparılmasını, radarların və hava hücumundan müdafiə sistemlərinin yaşamaq qabiliyyətinin artırılmasını zəruri edib.

IAI-nin çoxməqsədli radarı S-diapazonunda işləyir. O, uzunmənzilli hava aşkarlama və hava hücumundan müdafiə qabiliyyətləri, eləcə də HHM sistemlərini dəstəkləmək üçün imkanlar təqdim edir. Yüksək tezlikli əlavə radar, “Predator Identification Researchers” (PIIRs) və rəqəmsal qəbuledicilər kimi aktiv sensorlar, eləcə də siqnal aşkarlama sistemləri, görünən və infraqırmızı elektro-optik sensorlar və buraxılış aşkarlama sistemi kimi passiv sensorlarla birlikdə bu radar sisteminin hədəfləri daha dəqiq müəyyənləşdirməsi, təsnif etməsi və ayırd etməsinə imkan yaradır. Bu, xüsusilə bir-birinə çox yaxın olan hədəflər və mürəkkəb, çoxsaylı obyektlərlə dolu mühitlərdə kritik əhəmiyyət daşıyır.

Seçilən
16
poliqon.az

1Mənbələr