İsrailin İranda başlatdığı və rəsmən “Aslan Milləti” adlandırdığı əməliyyat nə qədər davam edəcək və hansı konkret nəticə əldə ediləndən sonra bitiriləcək? İran rəsmən İsrailə müharibə elan edəcəkmi və İsraillə hərbi qarşıdurmada nə qədər uzağa getməyə hazırdır? ABŞ İsrailin tərəfində birbaşa hərbi əməliyyatlara qoşulacaqmı? Bu qarşıdurma İrandakı molla rejiminin çökməsi ilə nəticələnə bilərmi?
Bu qəbildən olan suallar olduqca çoxdur və yaxın günlərdə dünya gündəmini məhz bu mövzuların zəbt edəcəyi şübhə doğurmur. Ən azından ona görə ki, İsrailin başlatdığı hərbi əməliyyat və onun ilkin nəticələri budəfəki qarşıdurmanın daha ciddi və böyük miqyaslı olacağının siqnallarını verir. Artıq rəsmən ilk həmlədə 200-dən çox İsrail təyyarəsinin 300 atış həyata keçirdiyi və İran ərazisində 100-dən çox hədəfi vurduğu bildirilir…
Əməliyyatın ilk saatları göstərdi ki, İranın hərbi-siyasi rəhbərliyi İsrailin və ABŞ-nin əvvəlki zərbələrindən – Qasim Süleymaninin, xeyli sayda İran generallarının, hətta HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən lazımi nəticə çıxara bilməyib. Eyni anda İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi və İran İslam İnqilabı Keşikçiləri Korpusunun başçısının, eləcə də bir neçə yüksək vəzifəli generalın, həmçinin aparıcı nüvə alimlərinin məhv edilməsi göstərdi ki, İrandakı hakim rejimin siyasi, iqtisadi, ideoloji, mənəvi, sosial və s. əsasları kimi, təhlükəsizlik strukturu da, hətta rəhbər şəxslərin mühafizəsi sistemi də çürüyüb…
Belə görünür ki, bütün dünyanın gözlədiyi və proqnozlaşdırdığı İsrail hücumunu yalnız İran rəhbərliyi, onun təhlükəsizlik orqanları, ordusu, hava müdafiə sistemləri və s. gözləmirmiş. Ya da gözləsə belə, bu hücumun qarşısında acizliyini etiraf edib, bununla barışıbmış.
Doğrudur, İsrail tərəfi də əməliyyat öncəsi qeyri-müəyyənlik fonu yaratmaqla məşğul olub. Məsələn, gələn həftə Baş nazir Benyamin Netanyahunun oğlunun toyu olacağı gözlənilirdi və əksər mənbələr ən azından bu toya qədər hər hansı hərbi əməliyyatın başlamayacağını güman edirdi. Eyni zamanda, Netanyahunun səhhətinin pisləşdiyi, eləcə də hakim siyasi koalisiya içərisində çəkişmələr, qarşıdurmalar barədə məlumatlar ötürülürdü. Bütün bunlar qarşı tərəfi çaş-baş salmağa yönələn informasiya əməliyyatı idi, amma istənilən halda, kim bu deyilənlərə uysa da, İran rəhbərliyi uymamalıydı…
İlk öncə qeyd olunmalıdır ki, ABŞ hər nə qədər bu hücumda iştirak etmədiyini bəyan etsə də, mütəxəssislərin də qeyd etdiyi kimi, İrana hava zərbələri İsrailin əsasən İraqın hava məkanındakı təyyarələri tərəfindən endirilib. İraqın hava məkanı isə ABŞ-nin nəzarətindədir. Deməli, əməliyyat ən azı ABŞ-nın razılığı ilə və onunla koordinasiyalı şəkildə həyata keçirilir.

Digər yandan, əməliyyatın miqyası və coğrafiyası onun hədəflərinin kifayət qədər ciddi olduğundan xəbər verir. Bu o deməkdir ki, İsrail ilk növbədə İranın nüvə potensialını, sonra isə ordusunun, xüsusilə də HHM sistemləri, raket qüvvələri və digər bölmələrinin döyüş qabiliyyətini sarsıtmağı hədəfləyib. İndi gözlənilir ki, İran raket zərbələri ilə İsrailə cavab verməyə çalışacaq. Bu zaman isə İsrail və ABŞ müşahidə sistemləri raketlərin buraxıldığı nöqtələri müəyyən edəcək və bu məntəqələr məhv ediləcək.
Netanyahu hökuməti əməliyyatın nə qədər lazımdırsa, o qədər davam edəcəyini, hədəflərə nail olunacağını bəyan edib. Hədəflər isə təbii ki, nüvə potensialı və ordunun döyüş qabiliyyətidir. Yeri gəlmişkən, bəzi mənbələr İranın 800-dək raketinin olduğunu qeyd edirlər və bildirirlər ki, məsələn, İran hər gün İsrailə 10 raket atsa, bütün potensialını sərf etmək üçün 80 gün vaxt lazım olacaq. Odur ki, müharibə aylarla sürə bilər. Lakin bu variant inandırıcı deyil. Çünki nə İran özünün bütün raket potensialını istifadə edərək tükəndirməyəcək, nə də İsrail davamlı olaraq ona raket zərbələri endirilməsinə imkan verməyəcək, atış nöqtələrini vuracaq. Ona görə də mütəxəssislər daha çox qısa müddətli – bir neçə günlük, uzağı bir həftədən bir qədər çox müddətdə, lakin olduqca yüksək intensivlikli hərbi əməliyyatlar proqnozlaşdırırlar. Həmçinin, İranın uzun və üzücü , qarşı tərəfi tükəndirməyə hesablanan savaşa girməsi ehtimalını da irəli sürənlər var. Lakin buna İran rejiminin gücünün nə dərəcədə çatacağı sual altındadır…
Müharibənin İrandakı rejimə təsirinə gəlincə, xarici müdaxilə iki fərqli ssenarini mümkün edir. Birincisi, böyük müharibə əhalinin hakimiyyətdən narazılığnı artıra və rejimə qarşı hərəkatı genişləndirə bilər. Lakin ikinci ssenariyə görə tam əksi baş verə, əhali xarici təcavüz fonunda hakimiyyətin ətrafında sıx birləşə bilər. Bunun hansının baş verəcəyini yaxın zamanda görəcəyik…
Bir məsələ də var ki, İsrail İranın iqtisadi gücünü də xeyli sarsıtmaq imkanına malikdir. Belə ki, mütəxəssislərin dediyinə görə, İsrail İranın Xarq adasındakı ən böyük və əsas neft terminalını,həmçinin bu kimi bir neçə böyük enerji obyektini vursa, neftdən asılı olan İran iqtisadiyyatı əsl mənada çökə bilər…
Mütəxəssislərin əksəriyyəti hazırkı hərbi qarşıdurmanın intensiv, lakin qısa müdətli olacağını proqnozlaşdırırlar. İran cavab versə də, bunun ciddi effekt verəcəyi gözlənilmir. Buna baxmayaraq, artıq İsrail ciddi müdafiə tədbirləri hazırlayıb. Hətta öz hava limanlarını bağlayaraq, mülki təyyarələrini qonşu ölkələrin aerodromlarına daşıyıb.
Bu əməliyyat eyni zamanda “dahi ABŞ Prezidenti Donald Trampın” diplomatiyasının uğursuzluğu hesab olunur. İranla danışıqlar heç bir ciddi nəticə vermədi və İrandakı rejim uranın ölkə xaricində zənginləşdirilməsi təklifini rədd etdi. Danışıqlar isə vaxt uzatmaqdan başqa heç nəyə yaramadı. Buna paralel olaraq, MAQATE-nin İranla bağlı son hesabatı İsrailin İrana qarşı hücumuna bir növ əsaslar vermiş oldu. Belə ki, beynəlxalq nüvə qurumu İranın nüvə silahı hazırlamağa yaxın olduğunun siqnallarını verdi. Bu da bir növ “bir atom bombalıq canı olan” İsrailə hücum üçün bəhanə vermiş oldu.
İndi qalır yaxın günlərdə nəbaş verəcəyini gözləmək. Təbii ki, bu gedişat və qeyri-müəyyənlik Azərbaycan üçün də təhlükələr yaradır. Demək olar, artıq bütün region ölkələri İsrailin hücumunu pisləyib. BMT hərbi əməliyyatları dayandırmağa çağırıb. Lakin Putin, Tramp, Netanyahu kimi “liderlər”in “at oynatdığı” aləmdə artıq heç bir beynəlxaq hüquq norması, bəşəri dəyərlər, humanizm, sülh çağırışları və s. rol oynamır. Hər şey 5-6 başıpozuq, gözünü qan tutmuş, hətta faşist düşüncəli lider və rejimlərin ixtiyarına qalıb…“AzPolitika.info”