AZ

İtaliyanın Baş naziri Yaxın Şərqdəki gərginlik fonunda hökumətin iclasını çağırıb

Roma, 13 iyun, AZƏRTAC

İtaliya Nazirlər Şurasının İsrail və İran arasındakı mövcud vəziyyətlə bağlı iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, iclas İtaliyanın Baş naziri Ciorcia Meloninin sədrliyi ilə iyunun 14-də baş tutacaq.

Ciorcia Meloni Yaxın Şərqdə artan gərginliklə bağlı Baş nazirin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, müdafiə naziri Quido Krosetto və İtaliya Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə telefon danışığı aparıb.

Antonio Tayani Yaxın Şərqdəki mövcud vəziyyəti şərh edərkən deyib: “Mövqeyimiz dialoqdur. Ümid edirik ki, İsrail və İran arasında qarşıdurma mümkün qədər tez sona çatacaq. Bilirik ki, vəziyyət çox mürəkkəbdir, lakin diplomatik yoldan başqa həll yolu yoxdur. Ümid edirik ki, döyüşlər mümkün qədər tez dayandırılar. Hərəkətlər və reaksiyalar çox təhlükəlidir, bölgədəki gərgin vəziyyətin daha da artma riski var”.

Nazir İsrailin İrana hücumu nəticəsində İtaliyanın Tehrandakı səfirliyinin binasının yaxınlığında partlayışlar olduğunu bildirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Seçilən
4
1
azertag.az

2Mənbələr