Fitnes üzrə ekspert Stanislav Miloslavski açıqlamasında effektiv məşqlər üçün əsas qaydaları açıqlayıb.
Redaktor.az “Tatar-inform”a istinadən məlumat verir.
Ekspertin sözlərinə görə, nəticə əldə etmək üçün üç əsas göstərici nəzərə alınmalıdır: məşqlərin intensivliyi (yəni insanın maksimum gücü ilə işlədiyi çəkinin faizi), məşq həcmi (hərəkətlərin, yanaşmaların sayı) və məşq tezliyi (həftə ərzində neçə dəfə icra edilməsi).
Miloslavski izah edib ki, bu göstəricilərdən biri artırıldıqda, digərləri mütləq azaldılmalıdır. “Əgər biz məşq tezliyini həftədə beş günə qədər artırırıqsa, deməli, onların intensivliyi və həcmi azaldılmalıdır”, – deyə o bildirib.
Məşq proqramı fərdi olmalıdır
Mütəxəssis qeyd edib ki, məşqlərin formatı hər kəsin fiziki hazırlıq səviyyəsinə uyğun fərdi şəkildə tərtib olunmalıdır. Onun fikrincə, bütün hərəkətləri bir məşqdə icra etmək və sonra iki-üç gün bədənin ağrısından yataqda qalmaq düzgün yanaşma deyil. Daha məqsədəuyğun üsul – yükü hissələrə bölməkdir. Məsələn, ümumi məşq yükünün 30 faizini bazar ertəsi, 30 faizini çərşənbə günü, 30 faizini isə cümə günü yerinə yetirmək tövsiyə olunur.
Xədicə BAXIŞLI