Deputat Əli Məsimli parlamentdəki müzakirələrdə “Qaz təchizatı haqqında” yeni qanun layihəsinə tənqidi yanaşıb.
Musavat.com-un məlumatına görə, deputat bildirib ki, rüsumlar, yaxud cərimələrlə dövlət büdcəsini doldurmaq mümkün olmadığı kimi, “Azəriqaz” İstehsalat Birliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti də bununla xərcləri aradan qaldıra bilməyəcək.
Ardınca o, suallarla qanunvericilik təşəbbüsü qaldıranlara müraciət edib:
“Hansı ölkədə istilik, qazla bağlı bu dərəcə inhisarlaşmış şəraitdə bu üsullardan istifadə olunur? Buradan belə məntiq çıxır ki, bu, indi olmasa da, növbəti mərhələdə qiymətlərin artmasına gətirib çıxaracaq. Hansı ölkələrdə bizdəki kimi keyfiyyətdə problem olanda təklif olunan üsuldan istifadə olunur? Suallar çoxdur.
Rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi, belə şeylərlə “Azriqaz” və “Azərenerj”inin xərclərini tamamlamaq mümkün olmayacaq. Bu yenilik qəbul olunandan sonra onun maliyyə tutumu nə qədər olacaq?”
Əli Məsimli bölgələrdəki narahatlıqları da diqqətə çatdırıb:
“Dağ yerlərində insanlar qazın pulunu verə bilməyəndə bağlayırlar, oduna keçirlər. Odun da baha olduğundan həyətlərindəki ağacları kəsirlər. Məntiq haradadır ki, qazın pulunu ödəyə bilməyib qazı bağlayır, odun ala bilmir, həyətindəki ağacı kəsir və əlavə olaraq ona deyəsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən? Mən burada heç bir məntiq görmürəm.
Hesab edirəm ki, bunun arxasında o durur ki, neftin qiyməti düşəndə gəlirlərimiz də azalacaq, həmin “Azəriqaz”, “Azerenerji” kimi qurumlara dövlət dəstək verə bilməyəcək. Bu, optimal üsul deyil. Optimal üsul həmin sahələrdə islahatlara getməkdir”.
E.Paşasoy,
Musavat.com