AZ

Almaniyanın Ukraynaya müdafiə sistemi yardımı nəyi dəyişəcək? - ŞƏRH

Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir dövrdə Almaniyanın Ukraynaya daha bir neçə ədəd hava hücumundan müdafiə sistemi göndərməsi beynəlxalq gündəmin diqqətindədir.

Berlinin bu addımı xüsusilə Rusiyanın Ukraynanın enerji infrastrukturuna dron və raket hücumlarını intensivləşdirdiyi dövrə təsadüf edir. Bakıvaxtı.az-ın əməkdaşı bu kontekstdə məsələnin geosiyasi tərəflərini politoloq Züriyə Qarayeva ilə müzakirə edib.

Onun sözlərinə görə, Almaniyanın məqsədi həm Ukraynanın mülki əhalisini qorumaq, həm də Rusiyanın enerji infrastrukturunu hədəf alan strateji hücumlarını neytrallaşdırmaqdır. Hava hücumundan müdafiə sistemləri müharibədə üstünlük qazandırmasa da, zərərin minimuma endirilməsində çox vacibdir. Bu, həm də Qərbin dəstəyinin davam etdiyinə dair siyasi siqnaldır.

Müsahibimiz hesab edir ki, yardımın zamanlaması təsadüfi deyil. Dediyinə görə, yay-qış keçidi öncəsi enerji infrastrukturunun mühafizəsi Ukrayna üçün həyati əhəmiyyət daşıyır. Rusiya artıq enerji obyektlərinə intensiv hücumlara başlayıb. Almaniyanın yardımı məhz bu mərhələdə Ukraynanın enerjisiz qalmasının qarşısını almaq məqsədi daşıyır.

“Bu yardım müharibənin gedişatında hansısa əsaslı dönüş yarada bilərmi” sualını cavablandıran Z.Qarayeva deyib ki, bu yardım həlledici dönüş nöqtəsi deyil:

“Lakin əhəmiyyətli taktiki dəyişikliklərə yol aça bilər. Xüsusilə böyük şəhərlərin və kritik infrastrukturun qorunması Ukraynanın müqavimət gücünü artırır. Müdafiə sistemləri hücumu dayandırmır, lakin onun effektivliyini azaldır”.

Almaniyanın bu addımının Rusiyada necə qarşılanacağlna gəlincə, politoloq bildirib ki, Rusiya Almaniyanı müharibəyə daha çox cəlb etməkdə ittiham edə bilər. Həmsöhbətimiz qeyd edib ki, bu, Kremlin daxili təbliğatında istifadə olunacaq bir əsasdır. Eyni zamanda, Almaniyaya qarşı kiberhücumlar və diplomatik təzyiqlər arta bilər. Amma Rusiya bu yardımı dayandıracaq imkanlara sahib deyil.


Züriyə Qarayeva: Müasir müharibələrin taleyini artıq təkcə ordu deyil, texnologiya və koordinasiya həll edir

Bəs ABŞ-nin yardım tempinin azaldığı bir vaxtda Avropanın aktivləşməsi nə deməkdir?

Politoloqun sözlərinə görə, bu, onu göstərir ki, Avropa - xüsusilə də Almaniya - ABŞ-dən asılı qalmadan da müəyyən təşəbbüslər göstərməyə başlayır. Bu, həm NATO daxilində məsuliyyət bölgüsünün dəyişməyə başladığını, həm də Avropanın öz təhlükəsizliyini təmin etməkdə daha fəal olacağını göstərir.

Azərbaycanın bu kontekstdə necə mövqe tutmasına gəlincə, Züriyə Qarayeva qeyd edib ki, Azərbaycan neytral mövqedə qalmağa çalışır:

“Amma bu hadisə bizim üçün də bir neçə məqamı aktuallaşdırır: birincisi, regionda təhlükəsizlik müstəvisində balansın pozulması ehtimalı; ikincisi isə, hava hücumundan müdafiə sistemlərinin roluna dair yeni yanaşmaların formalaşması. Çünki müasir müharibələrin taleyini artıq təkcə ordu deyil, texnologiya və koordinasiya həll edir”.

Zülfü Məmmədov

Seçilən
53
1
bakivaxti.az

2Mənbələr