Bakı, 13 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) 15 iyun – Milli Qurtuluş Gününün 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.
BDU-nun rektoru Elçin Babayev Milli Qurtuluş Gününün xalqımızın tarixi taleyini müəyyənləşdirən gün olduğunu bildirib. O qeyd edib ki, XX əsrin sonlarında milli dövlətçilyimizin məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir şəraitdə məhz Ümummilli Lider Heydər Əliyev xalqımızın və dövlətçiliyimizin xilası missiyasını əzmlə öz üzərinə götürüb: “Həyatının məqsədi doğma xalqının xoşbəxtliyi və tərəqqisi olan Ulu Öndər Heydər Əliyev hələ XX əsrin 70-ci illərindən – Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən sovet hakimiyyətinin bütün təqib və təzyiqlərinə baxmayaraq, dövlətimizin suverenliyinə, xalqımızın milli qurtuluşuna gedən yolun təməlini qoyur, şüurlarda, beyinlərdə bugünkü günlərimizin toxumlarını cücərdirdi. XX əsrin sonlarında yenidən müstəqillik qazanan dövlətimiz qısa müddətdən sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. 1993-cü ilin iyununda ölkədə hakimiyyət böhranı, xaos və anarxiya dövlət müstəqilliyimizi itirmək təhlükəsi yaratdı. Bu ağır vəziyyətdən Azərbaycanı yalnız Ulu Öndər Heydər Əliyev xilas edə bilərdi. 1993-cü ilin mürəkkəb, ziddiyyətli və ağır iyun günlərində xalqın çağırışına səs verən Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdı. Bununla da ölkəmizin həyatında yeni mərhələnin əsası qoyuldu. Xalqın çağırışı ilə Bakıya dönən Ulu Öndər yekdilliklə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bir xalq olaraq hədəflərimizi, gedəcəyimiz yolu inamla bəyan etdi”.
Rektor bildirib ki, Ulu Öndərin 1993-2003-cü illəri əhatə edən hakimiyyəti dövründə Azərbaycan postsovet ölkələri ilə müqayisədə keçid dövrünün çətinliklərini daha uğurla arxada qoyub, sürətli dirçəliş mərhələsinə daxil oldu. Xalqımızı bəlalardan, dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edən Ulu Öndər qısa müddət ərzində bugünkü qüdrətli Azərbaycanın prioritetlərini müəyyənləşdirdi. Dövlətçiliyimizin hərtərəfli inkişaf konsepsiyasını hazırladı. Dahi şəxsiyyətin Azərbaycan xalqına ən böyük töhfəsi isə həmin prioritetləri, inkişaf konsepsiyasını özündən sonra həyata keçirəcək siyasi varisini yetişdirməsi oldu. 2003-cü ildən ölkəmizə uğurla rəhbərlik edən Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin milli qurtuluş konsepsiyasını inamla həyata keçirdi. Bununla da xalqımızın, dövlətimizin hərtərfli rifahına, tərəqqisinə nail olundu. Ulu Öndərin müqəddəs ata vəsiyyəti 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər nəticəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzmlə, fədakarlıqla yerinə yetirildi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycan xaosdan, özbaşınalıqdan, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən qurtulmuşdusa, Vətən müharibəsi və 2023-cü ildə birgünlük antiterror tədbirləri ilə işğal altında olan bütün torpaqlarımız əsarətdən xilas oldu. Bununla da müstəqil, qüdrətli, suveren, ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycanın həyatında yeni-yeni səhifələr açıldı. Bundan sonra Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük tərəqqi, davamlı inkişaf və xoşbəxt günlər gözləyir!”
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, deputat Rizvan Nəbiyev, BDU-nun Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Aytən Qurbanova çıxışlarında Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini vurğulayıb, ölkənin iqtisadi, siyasi, hərbi inkişafının məhz bu möhtəşəm tarixdən başladığını qeyd ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolu Vətənə xidmətin parlaq nümunəsidir.
Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxın nümayiş edilməsi ilə başa çatıb.