AZ

İsrailin İrana hücumu davam edir - SON XƏBƏRLƏR

17.33

İsrail Azərbaycan sərhədi yaxınlığındakı hərbi obyekti bombalayıb 

 

İran mediasının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri Azərbaycanın sərhədinə yaxın yerləşən Ərdəbil vilayətinin Xoruzlu kəndindəki hərbi radiolokasiya obyektinə aviazərbə endirib.

 

Zərbə İranın şimal sərhədi boyunca hava məkanına və hərəkətlərə nəzarət edən hərbi infrastruktura nadir bir müdaxilə kimi qiymətləndirilir.

 

İran rəsmiləri tərəfindən hadisə ilə bağlı hələlik rəsmi açıqlama və ya itkilər barədə məlumat verilməyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə partlayışlar və tüstü müşahidə olunur.

 

İsrail tərəfi hadisəyə dair şərh verməyib. Bu hücum, İsrailin İranın hərbi və nüvə obyektlərinə qarşı ölkəboyu həyata keçirdiyi daha geniş aviazərbə kampaniyasının tərkib hissəsidir.

-----------------------

17.07

İran dövlət mediası cümə günü bildirib ki, İsrailin gecə saatlarında endirdiyi hava zərbələri nəticəsində İran Silahlı Qüvvələrinin əməliyyatlar üzrə rəis müavini general-mayor Mehdi Rabbani həyat yoldaşı və övladları ilə birlikdə həlak olub.

 

İsrail mediasının məlumatına görə, İsrail Müdafiə Qüvvələri (IDF) İranın raket infrastrukturu üzrə dəqiq hədəflənmiş zərbələr həyata keçirib. Onlarla yer-yer tipli raketlərin buraxılış qurğuları və anbarları məhv edilib.

 

Məlumatlara görə, qərbi İranda zərbəyə məruz qalan obyektlərdən birində konteynerlərə yerləşdirilən xüsusi buraxılış qurğusu aşkarlanıb.

 

“Bütün münaqişə ərzində İran rejimi İsrail ərazisinə yüzlərlə yer-yer tipli raket buraxıb. Bu raketlərin məhv edilməsi İsrail vətəndaşlarının müdafiəsi baxımından həyati əhəmiyyət daşıyır”, –  İsrail mənbələri bildirib.

 

Mənbələr qeyd edir ki, İranın hava hücumundan müdafiə qabiliyyəti ciddi şəkildə zəifləyib.

 

Təbriz və Mehrabad şəhərlərində MiQ-29 təyyarələrinin anqarlarının məhv edilməsindən sonra yalnız bir “Tomkət” qırıcı batalyonunun fəaliyyətdə qaldığı bildirilir.

 

“İran rejiminin minlərlə kilometr məsafəni vura bilən raketləri mövcuddur. Bu silahların İran rejiminin əlində qalması region və dünya üçün təhlükə yaradır”, –  İsrail mediası xəbər verir.

 

Azərbaycanın İrandakı səfirliyi normal rejimdə işləyir

 

Azərbaycanın İrandakı səfirliyi normal rejimdə fəaliyyətini davam etdirir. Bu barədə Azərbaycan xarici işlər nazirliyinin sözşüsü Ayxan Hacızadə məlumat verib. 

_________

16.42

İsrailin Təbrizə zərbəsi nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb — İran mediası

 

İranın şimal-qərbində yerləşən Təbriz şəhərində İsrailin hava hücumu nəticəsində azı 5 nəfər ölüb, 12 nəfər isə yaralanıb. Bu barədə yarırəsmi Mehr xəbər agentliyi məlumat yayıb.

 

Hadisə barədə məlumatı Şərqi Azərbaycan vilayətinin fövqəladə hallar idarəsi təsdiqləyib.

 

İsrail tərəfi hücumla bağlı hələlik heç bir rəsmi açıqlama verməyib.

_____________

İsrail Hərbi Hava Qüvvələrinin hava hücumları nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) “Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı, general Qasım Süleymaninin varisi olan İsmayıl Qaani öldürülüb. Onun ölümü əvvəlcə İsrail mediası tərəfindən, daha sonra isə İran rəsmiləri tərəfindən təsdiqlənib.

 

Bu arada, Qərbi İranda yerləşən Həmədan vilayətində partlayışlar qeydə alınıb. Məlumata görə, İsrail aviasiyası Kabudərhəngdəki Nocə hərbi hava bazasını hədəfə alıb.

 

Həmçinin, İsrailin cənubdakı Bəndər-Buşehr limanına hava zərbələri endirdiyi bildirilir. Daha sonra Təbriz şəhərində də partlayışlar baş verdiyi barədə məlumat yayılıb.

 

İsrail tərəfi hücumlarla bağlı hələlik rəsmi açıqlama verməyib.

 

Seçilən
3
50
anews.az

10Mənbələr