Vyana, 13 iyun, AZƏRTAC
Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Polşanın nüfuzlu “Wnet” radiosuna Varşavanın mərkəzində yerləşən Tvardovski meydanında təşkil edilmiş “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərlövhəli fotosərgi barədə müsahibə verib.
AZƏRTAC xəbər verir ki, “Qərbi Azərbaycan - Yaddaş, İrs və Gələcək. Səfir Nərgiz Qurbanova ilə müsahibə” başlıqlı müsahibədə dinləyicilərə həm tədbirin ideyası, həm də xalqımızın tarixi Qərbi Azərbaycan torpaqlarındakı mürəkkəb taleyi barədə məlumat verilir.
Sərgidə Qərbi Azərbaycanlıların mədəni irsi, tarixi və deportasiyasının dramatik taleyinin təqdim olunduğunu qeyd edən səfir onun təkcə bu bölgənin mədəniyyətinin zənginliyini - memarlıqdan tutmuş xalq sənətinə, kulinariya ənənələrinə qədər deyil, həm də deportasiya və abidələrin dağıdılması ilə bağlı tarixin faciəli səhifələrini nümayiş etdirdiyini bildirib. O, indiki Ermənistan ərazisində bir zamanlar yaşayan Azərbaycanlıların zəngin mədəniyyət, incəsənət və ədəbiyyat nümunələri yaratdığını diqqətə çatdırıb.
N.Qurbanova İrəvan xanlığının 1828-ci ildə Rusiya İmperiyası tərəfindən ilhaq edilməzdən şəhərin azərbaycanlılardan ibarət olmaqla yanaşı, həm də ədəbiyyatımızın, incəsənətimizin və mədəniyyətimizin canlı mərkəzlərindən biri olduğunu əlavə edib. “Sonrakı onilliklər ərzində çar hakimiyyətinin, daha sonra isə sovet və Ermənistan hakimiyyətinin siyasəti nəticəsində azərbaycanlılar sistemli şəkildə köçkünlərə məruz qalıb, qətlə yetirilib, onların irsi məhv edilib, Sərdar sarayı və Şah Abbas məscidi kimi Azərbaycan mədəni irsinin şah əsərləri yandırılaraq dağıdılıb” deyə səfir məlumat verib. Səfir N.Qurbanova eyni zamanda 19-cu əsr Avropa səyyahlarının salnamələrində İrəvanın sarayları, məscidləri və bazarları olan tipik müsəlman şəhəri kimi təsvir edildiyini xatırladıb.
Müsahibədə Qərbi Azərbaycan İcması, onun məqsəd və fəaliyyətləri barədə də məlumat verilib. Qərbi Azərbaycandan olan qaçqınların problemləri ilə məşğul olan yeganə ictimai qurum olan İcmanın məqsədinin təkcə itkiləri sənədləşdirmək deyil, həm də geri qayıtma konsepsiyasının hazırlanması olduğunu əlavə edilib. Bu konsepsiya beynəlxalq hüquqa, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə və qaçqınların statusu ilə bağlı konvensiyalara əsaslanır.
Diplomat bölgənin zəngin təhsil və elm ənənələrinə toxunaraq 1863-cü ildə İrəvanda 15 özəl məktəbin olduğunu, 1881-ci ildə fəaliyyətə başlamış Müəllimlər Seminariyasının görkəmli siyasətçilər, hərbçilər və ziyalılar yetişdirdiyini qeyd edib.
Qeyd edək ki, 7-28 aprel tarixlərində Varşavanın mərkəzində yerləşən Tvardovski meydanında “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərlövhəli fotosərgi təşkil olunub. Sərgidə İrəvan xanlığının bayrağı, Qərbi Azərbaycanlıların deportasiyası, dağıdılmış məscidlərimiz, abidələrimiz, qəbiristanlıqlarımız, Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin fotolarının əks olunduğu fotolar nümayiş olunub.
Məqalənin tam mətni ilə radionun internet səhifəsində tanış olmaq mümkündür:
https://wnet.fm/2025/06/06/zachodni-azerbejdzan-pamiec-dziedzictwo-i-przyszlosc-wywiad-z-ambasador-nargiz-gurbanova/
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana