Qahirə, 13 iyun, AZƏRTAC
İordaniya hava məkanının pozulmasına imkan verməyib və bundan sonra da verməyəcək. İordaniya heç bir münaqişə üçün döyüş meydanı olmayacaq.
AZƏRTAC PETRA agentliyinə istinadla xəbər verir ki, bunu İordaniya hökumətinin sözçüsü, rabitə naziri Məhəmməd əl-Momani mətbuata açıqlamasında bildirib. Ölkəsinin milli təhlükəsizliyinin “qırmızı xətt” olduğunu vurğulayan iordaniyalı nazir vətəndaşlarının təhlükəsizliyinin təhlükə altına düşməsinə icazə verilməyəcəyini bildirib.
Nazir beynəlxalq ictimaiyyəti gərginliyin azaldılması və eskalasiyanın qarşısının alınması üçün tərəflərə təzyiq göstərməyə çağırıb.
Qeyd edək ki, İordaniya Hərbi Hava Qüvvələrinin təyyarələri və hava hücumundan müdafiə sistemləri İsrail-İran qarşıdurması fonunda ölkənin hava məkanına daxil olan bir neçə raket və pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə