Son illərdə onlayn kreditlərə maraq artmaqdadır. İnsanlar banklara getmədən, cəmi bir neçə kliklə maliyyə ehtiyaclarını qarşılaya bilirlər. Bu rahatlıq isə rəqəmsal kredit və "Fintech" şirkətlərinə olan etibarı artırır. Lakin texnologiyanın sürətli inkişafı ilə yanaşı, kibertəhlükələr və şəxsi məlumatların oğurlanması kimi risklər də gündəmdədir. Bu baxımdan, onlayn kreditlər nə qədər təhlükəsizdir? İqtisadçı Ruslan Atakişiyev Metbuat.az-a açıqlamasında bildirib ki, “fintech”lər əsasən müxtəlif ödəniş sistemlərinin həyata keçirilməsində, yaxud hər hansı bankın kredit agentliyi rolunu oynaya bilirlər: “İstər onlayn kredit, istərsə də başqa bir xidmət alarkən müştərilərin aldadılması halları o zaman baş verir ki, kibercinayətkarlar həmin sistemləri sındıraraq müxtəlif bankların adından istifadə edir və vəsaitlərin yayındırılmasına çalışırlar. Amma bu qurumların hamısı Mərkəzi Bank tərəfindən qeydə alınıb və tənzimlənir. Ona görə də müştərilər hər hansı problemlə üzləşdikdə Mərkəzi Bankın qaynar xəttinə zəng edə və ya onlayn şəkildə şikayət edə bilərlər. İnsan hüquqları ilə bağlı məsələlər də son dövrlərdə gücləndirilib. Əgər həmin qurumlar bilərəkdən və qəsdən bu cür qanunsuz fəaliyyətlə məşğul olurlarsa, Mərkəzi Bank tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyətə cəlb edilə bilərlər”.
İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev isə saytımıza açıqlamasında “fintech” və rəqəmsal kredit şirkətlərinin (maliyyə qurumları və s.) istifadəçilər üçün rahatlıq yaratdığı qədər, müəyyən risklərinin də olduğunu söyləyib: “İnsanların kart və şəxsiyyət məlumatlarının oğurlanması, ən ciddi problemlərdəndir. Fişinq, “malware”, zəif şifrələmə və zəif autentifikasiya sistemləri ilə bu məlumatlar ələ keçirilə bilər. Əgər kredit şirkəti məlumatları yaxşı şifrələmirsə və ya məlumat bazasını mütəmadi qorumaq üçün tədbir görmürsə, istifadəçilər üçün təhlükə yarana bilər. Bəzi saxta tətbiqlər "kredit verirəm" adı ilə məlumat toplayıb sonradan dələduzluq məqsədilə istifadə edə bilər. Fırıldaqçılar istifadəçi razılığı olmadan məlumatları üçüncü tərəfə ötürülə bilər”.
Ekspert rəqəmsal kredit alarkən diqqət ediləsi məsələlərlə bağlı da tövsiyə verib: “Yalnız Mərkəzi Bank tərəfindən nəzarət olunan və rəsmi lisenziyaya malik şirkətlərdən (maliyyə qurumlarından) kredit götürmək tövsiyyə olunur. İki faktorlu autentifikasiya (2FA) tələb edən platformaları üstün tutun. Kart məlumatlarını birbaşa tətbiqə daxil etmədən əvvəl onun rəsmi mənbədən yükləndiyinə əmin olun. Məlumat icazələrini nəzərdən keçirin. Tətbiq sizdən kontakta, kameraya, fayllara icazə istəyirsə, bu potensial təhlükə ola bilər. Məqsədi dəqiq aydınlaşdırıb sonra ehtiyac varsa, icazə verin”. B.Əliyev qeyd edib ki, onlayn kredit alışı potensial təhlükə daşıyır, lakin doğru platforma və təhlükəsizlik vərdişləri ilə bu risklər minimuma endirilə bilər. Problem ondan qaynaqlanır ki, bir çox istifadəçi rahatlıq naminə təhlükəsizliyə laqeyd yanaşır. Sevinc İbrahimzadə / Metbuat.az