ABŞ-ın Daxili Təhlükəsizlik məsələləri üzrə Katibi Kristi Noemin Los-Ancelesdə keçirilən əməliyyatlarla bağlı mətbuat konfransında ABŞ tarixində görünməmiş hadisə baş verib.
Kaliforniya ştatından demokrat senator Aleks Padilla konfrans zamanı Kaliforniyada və ölkədə etirazlara səbəb olan miqrasiya reydləri haqqında danışmağa çalışarkən Federal Təhqiqat Bürosunun (FTB) təhlükəsizlik qüvvələri tərəfindən terrorçu kimi zorla bayıra çıxarılaraq üzü üstə yerə yatırılıb və qandallanıb.
Etirazlarla bağlı keçirilən mətbuat konfransında Padillanın "Mən senatoram və katibə bir sualım var" dediyi eşidilir. Ancaq senatorun danışmasına icazə verilmir, FTB əməkdaşları onu zorla zaldan çıxararaq yerə yatırıb qandallayıblar.
Bu, hadisə Tramp administrasiyasının Milli Qvardiya qoşunları və dəniz piyadalarını göndərmək də daxil olmaqla, miqrant siyasətinə qarşı Kaliforniyada nümayiş keçirən etirazçıları aqressiv şəkildə hədəf alması fonunda baş verir.
ABŞ senatorunun mətbuat konfransından aqressiv şəkildə uzaqlaşdırılması Demokrat həmkarlarının da qəzəbinə səbəb olub. Daxili Təhlükəsizlik Departamenti isə Padillanı mətbuat konfransını dayandırmağa cəhd etdiyini və Padillanın özünü tanıtmadığını iddia edib və Məxfi Xidmətin də onun təcavüzkar olduğuna inandığını bildirib. Departament Məxfi Xidmətin Padillaya qarşı davranışının tam qanuna uyğun olduğunu iddia edib.
Sonradan ortaya çıxan Padilla, o və həmkarlarının departamentdən "gedərək aqressivləşən miqrasiya mühafizə tədbirləri" haqqında daha çox məlumat istədiklərini və çox az və ya ümumiyyətlə heç bir məlumat almadıqlarını söyləyib.
"Əgər bu administrasiya bir senatora suala görə bu şəkildə cavab verirsə... Los-Anceles boyunca, Kaliforniyada və bütün ölkədə təsərrüfat işçilərinə, aşpazlara, gündəlik işçilərə nələr etdiklərini təsəvvür edə bilirəm" – deyə Padilla bildirib.
ABŞ vətəndaşları sosial mediada Padillanın saxlanmasına sərt reaksiya veriblər. Bir çox istifadəçi bu hadisəni ABŞ tarixində qara ləkə kimi və ABŞ senatoruna terrorçu kimi davrandığına görə Tramp administrasiyasına etiraz edib.
Los-Ancelesdəki etirazlardan sonra baş verən belə bir hadisədən sonra ABŞ vətəndaşları ictimai asayişin dərindən sarsıldığını bildirən paylaşımlar edib.
TAHİR