AZ

Stiv Cobsun məşhur çıxışının 20 illiyi münasibətilə arxiv materialları paylaşılıb

Bakı, 13 iyun, AZƏRTAC

“Apple” şirkətinin təsisçisi Stiv Cobsun Stenford Universitetinin məzun günü mərasimində etdiyi məşhur çıxışından 20 il ötür. Bu münasibətlə Stiv Cobs Arxivi onun çıxışının HD versiyasını yayımlayıb, özünə elektron poçt vasitəsilə göndərdiyi qeydləri və çıxışa hazırlıq prosesi ilə bağlı təfərrüatları ictimaiyyətlə bölüşüb.

AZƏRTAC arxivin veb-saytına istinadla xəbər verir ki, təqdim olunan elektron qeydlər Cobsun müxtəlif planlarını, mövzularını və çıxışın qaralama variantlarını əhatə edir. Qeyd olunur ki, Stiv Cobs bu çıxış zamanı mətni olduğu kimi oxuyub, halbuki o, “Apple”ın təqdimatlarında adətən improvizasiyaya üstünlük verirdi.

Saytda Cobsun bu çıxışa necə hazırlaşdığı da ətraflı təsvir olunub. Əvvəla, onun ali təhsili olmasa da, dünyanın aparıcı universitetlərindən birinin məzunları qarşısında çıxış etməli idi. İkincisi, tələbələrin özləri çıxış üçün orator olaraq komediyaçı Con Stüart və aktyor Arnold Şvartsneggeri üstün tuturdular.

“Stenford Universitetinin prezidenti Con Hennessidən dəvət aldıqdan sonrakı altı ay ərzində Stiv özünə qeydlər, ideyalar və qaralamalar göndərib. Tarix yaxınlaşdıqca “Apple”ın PR komandası çıxış üçün təkliflər irəli sürüb, lakin o, bunlardan istifadə etməyib. Cobs məzun sinfinin dörd rəhbərinə müraciət edib, onlar da öz fikirlərini göndəriblər, lakin cavab almayıblar. O, həmçinin dostlarından da məsləhət istəyib. Nəticədə çıxışa bir neçə həftə qalmış Stiv bu nitqi həyat yoldaşı Lorenlə birgə tərtib edib”, — deyə arxiv saytında vurğulanır.

Stiv Cobs Arxivi 2022-ci ildə onun ailəsi və yaxın dostlarının təşəbbüsü ilə yaradılıb. Arxiv ilk dəfə “Vox Media Code” konfransında Cobsun həyat yoldaşı Loren Pauel Cobs, eləcə də Conni Ayv və Tim Kuk tərəfindən təqdim olunub. Arxivin əsas məqsədi Cobsun şəxsiyyətinə dair unikal tarixi materialların qorunub saxlanmasıdır.

2023-cü ildə arxiv “Nə isə möhtəşəm bir şey et: Stiv Cobsun öz sözləri ilə” (Make Something Wonderful: Steve Jobs in his own words) adlı kitabı nəşr edib. Kitabı həm onlayn oxumaq, həm də ePub formatında yükləmək mümkündür.

Bütün materiallar Stiv Cobs Arxivinin rəsmi saytında və “YouTube” platformasında ictimaiyyət üçün açıq şəkildə təqdim olunub.

Seçilən
8
1
azertag.az

2Mənbələr